2026-cı ildə NATO-nun mülki büdcəsi 528 milyon 200 min avroya, hərbi büdcəsi isə 2 milyard 420 milyon avroya yüksəldiləcək.
Bu barədə Marja.az NATO tərəfindən yayımlanan yazılı açıqlamaya istinadən xəbər verir.
Açıqlamada ümumi büdcənin 2 milyard 948 milyon 200 min avro olaraq müəyyən edildiyi qeyd edilərək, “Daha konkret desək, 2026-cı il Hərbi Büdcəsi NATO-nun hərbi uyğunlaşmasına, müttəfiqlər arasında qarşılıqlı işləkliyə, böhranların qarşısının alınmasına və idarə edilməsinə, eləcə də əməkdaşlığa əsaslanan təhlükəsizliyə töhfə verəcək” ifadəsi yer alıb.
Mülki büdcənin müttəfiqlər arasında məsləhətləşmə və qərar qəbuletmə proseslərini, həmçinin NATO Qərargahının fəaliyyətini dəstəkləməyə davam edəcəyi vurğulanıb.
Qeyd edilib ki, mülki büdcə mülki heyətin xərclərini, əməliyyat xərclərini və mülki proqramlara ayrılan vəsaiti maliyyələşdirir, hərbi büdcə isə NATO qərargahları ilə yanaşı, dünya üzrə proqramların, missiyaların və əməliyyatların fəaliyyət xərclərini qarşılayır.
Üzv ölkələrin bu büdcələrə öz ümumi daxili məhsullarına (ÜDM) əsaslanan xərc bölgüsü formulu üzrə töhfə verdiyi qeyd edilib. NATO son sammitdə qəbul edilən qərarla üzv ölkələrdən müdafiə xərclərinin ÜDM-ə nisbətinin ən azı 5 faiz olmasını tələb edir.