AZ

Ekoloji maarifləndirmə və QHT həmrəyliyi: bir ilin xronikası

“Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyinin rəhbəri Aynurə Miriyeva QHT.az-a açıqlamasında bildirib ki, 2025-ci il təşkilat üçün uğurlu və çoxşaxəli fəaliyyətlərlə yadda qalıb.

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Daha yaşıl Azərbaycan üçün gənc nəsil” adlı kiçik qrant layihəsi uğurla icra olunub və layihə çərçivəsində 125-dən çox gənc ekoloji mövzularda maarifləndirilib, onlarla fikir mübadilələri aparılıb:

"Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən ağacəkmə aksiyasında iştirak etdik. Aksiyanın önəmli tərəfi onun şəhidlərimizin xatirəsinə həsr olunması idi. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin müsabiqə yolu ilə təşkil etdiyi QHT-lərin VI Mübadilə Proqramı üzrə təlimlərdə iştirakçı statusu qazandıq. Bu təlimə qatılmaq həm “Ekoloq” Ətraf Mühitin Qorunmasına Yardım İctimai Birliyi olaraq, həm də şəxsən mənim üçün məsuliyyətli və qürurverici idi. Təlimlərin iki gün Şuşada, VI Forumun isə Xankəndində keçirilməsi unudulmaz xatirədir və bu hissləri, duyğuları ifadə etməyə sözlər acizdir. Tədbirin ən vacib məqamlarından biri QHT sədrləri adından Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevə müraciətin ünvanlanması idi".

Birlik rəhbəri diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və “Ortaq Dəyərlər” İctimai Birliyinin birgə təşkilatçılığı, TİKA-nın dəstəyi ilə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunda iştirak ediblər. Forumda ilk olaraq Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Prezident İlham Əliyevin Forum iştirakçılarına ünvanladığı müraciəti səsləndirdi:

"Bu, dövlətin Türk Dövlətləri Təşkilatına üzv ölkələrin vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığa, həmrəyliyə və ortaq dəyərlərin möhkəmləndirilməsinə verdiyi yüksək önəmin bariz göstəricisidir. Forum çərçivəsində Özbəkistanla əməkdaşlıq sazişi imzalanmış, Qazaxıstan tərəfdaşları ilə də əməkdaşlıq barədə razılaşma əldə olunmuşdur. Bununla yanaşı, Qlobal platformanın Azərbaycanda ilk dəfə təsis edilməsi mühüm və uğurlu bir hadisə kimi dəyərləndirilir. Bu prosesdə qeyri-hökumət təşkilatları ilə dövlət qurumları arasında əlaqələrin gücləndirilməsi, xüsusilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin aparıcı və əlaqələndirici rol oynaması platformanın funksional şəkildə fəaliyyət göstərməsinə şərait yaradan müsbət və əhəmiyyətli addımdır".

 

Pərvanə Fərhadqızı

Seçilən
84
qht.az

1Mənbələr