futbolpress-az portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Neftçi” ötən il Azərbaycan Premyer Liqasında oyunçulara ən çox əməkhaqqı ödəyən klubdur.
Bu barədə Klubların Lisenziyalaşdırılması üzrə hesabatda məlumat qeyd edilib. “Ağ-qaralar” ötən il üzə ümumilikdə 18 milyon 287 min 111 manat maaş ödəyib.
Çempionatın ən yaxşı büdcəsinə sahib komandalar arasında “üçlük”də olan paytaxt klubu maaş ödənişində birincidir. Ötən ildə mövsümün birinci dövrəsi üçün gətirilən legionerlərin çoxu qışda yola salınmış, yenidən heyət qurulmuşdu. Lakin nəticələr ürəkaçan olmadı. “Neftçi” avrokuboklardan kənarda qaldı – mövsüm 6-cı sırada tamamlandı.
Tarixinin ən pis dönəmlərini keçirən və toparlana bilməyən “ağ-qaralar” ötən il iki dəfə də baş məşqçisini dəyişdi. Mövsümə Roman Qriqorçukla başlayan və iddiası böyük olan “Neftçi” uğursuzluq yaşamış, daha sonra oktyabrda “sükanı” Samir Abasova tapşırmışdı. Abasov da “ağ–qaralar”ı çətin durumdan çıxara bilmədiyi üçün ötən ay istefaya göndərildi və indi komanda Yuri Verniduba əmanətdir.
Yüksək əməkhaqqılı futbolçuların gətirilməsinə baxmayaraq, nəticələrin düzəlməməsi klubda problemin tək heyətlə bağlı olmadığına da işarədir. “Ağ-qaralar” elə bir situasiyadadır ki, sanki kim gəlsə, vəziyyət düzəlməyəcək.
Ötən il “Neftçi”dən daha az maaş ödəyən “Sabah”, “Zirə“, “Araz-Naxçıvan” avrokuboklara vəsiqə qazandı. İllərdir ölkə futbolunun yükünü çiyinlərində daşıyan “Qarabağ” da paytaxt klubundan 5 milyon daha az maaş ödəyib.
Şahin Cəfərov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.