Bakı, 18 dekabr, AZƏRTAC
Auditorlar Palatasının kollektivi Mirzə Qədim İrəvaninin 200 illik yubileyinə həsr olunmuş “Şərq və Qərb üslublarının qovşağında” adlı sərgini ziyarət edib.
Auditorlar Palatasından AZƏRTAC-a bildirilib ki, XIX əsr Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, milli realist rəngkarlığın banilərindən biri olan Mirzə Qədim İrəvaninin yaradıcılığına həsr edilmiş sərgi rəssamın sənət irsinin Şərq və Qərb üslublarının sintezi kontekstində təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Sərgi çərçivəsində Auditorlar Palatasının kollektivi Mirzə Qədim İrəvaninin portret, məişət və ornamental kompozisiyaları ilə tanış olub, onun yaradıcılıq yolunu, dövrünün bədii-estetik meyillərini əks etdirən eksponatlar barədə ətraflı məlumat əldə edib. Ekspozisiya iştirakçılarda Azərbaycan təsviri sənətinin inkişaf mərhələləri və milli mədəni irsimizin qorunmasının vacibliyi barədə dolğun təəssürat yaradıb.
Auditorlar Palatasının kollektivi bu cür mədəni tədbirlərin milli-mənəvi dəyərlərin təbliği, mədəni irsin gələcək nəsillərə ötürülməsi və ictimai-mədəni maarifləndirmənin gücləndirilməsi baxımından əhəmiyyətini xüsusi vurğulayıb.
Qeyd edək ki, “Şərq və Qərb üslublarının qovşağında” adlı sərgi Mirzə Qədim İrəvaninin zəngin yaradıcılıq irsinin daha geniş auditoriyaya çatdırılmasına xidmət edir.