Onun sözlərinə görə, sözügedən təşəbbüs reallaşacağı təqdirdə qlobal siyasi və geosiyasi mənzərə köklü şəkildə dəyişə bilər.
Bu bəyanat fonunda əsas sual ondan ibarətdir ki, ABŞ-nin irəli sürdüyü bu təşəbbüs doğrudanmı mövcud qlobal güc balansına təsir göstərmək gücünə malikdir?
Politoloq Elman Vəliyev Sfera.az-a açıqlamasında bildirib ki, Aleksandr Lukaşenkonun səsləndirdiyi fikir müəyyən mənada mövcud beynəlxalq reallıqlara söykənir. Onun sözlərinə görə, əgər Amerikanın "əsas beşlik" təşəbbüsü BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olan ABŞ, Çin, Rusiya, Böyük Britaniya və Fransanı əhatə edirsə, deməli söhbət yeni bir modeldən yox, artıq formalaşmış qlobal güc balansının açıq şəkildə tanınmasından gedir:
"Bu beş dövlət hazırda dünya siyasətində əsas qərarverici aktorlar kimi çıxış edir və beynəlxalq təhlükəsizlik, münaqişələr, iqtisadi proseslər məhz onların qarşılıqlı münasibətləri fonunda şəkillənir. Hazırkı mərhələdə dünya nizamı beşqütblü baza üzərində qurulub və bu qütblər arasında kəskin rəqabət mövcuddur. Hər bir güc mərkəzi öz təsir dairəsini genişləndirməyə, siyasi və iqtisadi dominantlığını möhkəmləndirməyə çalışır. Bu rəqabət təkcə diplomatik müstəvidə deyil, enerji təhlükəsizliyi, texnologiya, maliyyə axınları və regional münaqişələr üzərindən də aparılır".
Ekspert qeyd edib ki, belə bir şəraitdə kiçik və orta ölçülü dövlətlərin manevr imkanları xeyli daralır:
"Onların tam bitərəf qalmaq və ya müstəqil xətt yürütmək şansı minimuma enir, çünki qlobal proseslərdə əsas söz sahibi olan beş gücün maraqları istər-istəməz bu ölkələrə təsir göstərir. Nəticə etibarilə, "əsas beşlik" təşəbbüsü qlobal güc balansında köklü dəyişiklik yaratmaqdan daha çox, böyük dövlətlər arasında gedən mübarizəni sistemləşdirmək və mövcud güc bölgüsünü institusionallaşdırmaq cəhdi kimi dəyərləndirilə bilər".