Bu düzəliş, ilk növbədə, ABŞ-nin maraqlarına xələl gətirir"
ABŞ Konqresinə “907-ci düzəliş”in tam ləğvi ilə bağlı müraciət edilib. Bu təşəbbüslə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna çıxış edib. Son zamanlar iki ölkə arasında münasibətlərdə də intensivlik və müsbət irəliləyiş müşahidə edilir.
Hafta.az-ın müsahibi Milli Məclisin deputatı Asim Mollazadədir.
- Məlum olduğu kimi, Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona tarixi səfəri zamanı qəbul edilən strateji qərarlardan biri də “907-ci düzəliş”in ləğvi ilə bağlı olmuşdu. Bu günlərdə ABŞ Nümayəndələr Palatasının üzvü Anna Paulina Luna tərəfindən Konqresə “907-ci düzəliş”in tam ləğvi üçün yeni qanun layihəsi təqdim edilib. Bu müraciətdən sonra məlum düzəlişin ləğvinin reallaşması nə dərəcədə həllini tapacaq?
– İndiyədək məlum “907-ci düzəliş”lə bağlı Konqresdə heç bir dəyişiklik olmayıb. İndi isə senator tərəfindən belə bir müraciət edilib. Ümidvaram, münaqişə olmadığına görə ermənipərəst qüvvələr bu düzəlişin ləğvinin əleyhinə çıxış etməyəcəklər. Qeyd edim ki, Konqresə məlum qanun layihəsini təqdim edən senatorun bilavasitə Azərbaycanla heç bir problemi yoxdur. Düzəlişin ləğv olunması birbaşa Birləşmiş Ştatların maraqlarına uyğundur. Bu düzəliş, ilk növbədə, ABŞ-nin maraqlarına xələl gətirir. Belə ki, çox vaxt etnik diaspora öz istəklərinə nail olmaq üçün ABŞ-nin maraqlarına zərbə vurur. Amerika Birləşmiş Ştatlarında və Avropada mövcud olan erməni diasporası münasibətlərin aqressiv həddə olmasına və problemlərin yaranmasına çalışır. Bu qüvvələr Ermənistanın daxilində də gərginliyin yaradılmasını istəyirlər. Yalnız bu halda öz dırnaqarası qəyyumluqlarını davam etdirə bilirlər. Regionda münaqişə yaranmadığı halda isə o qrupların əlində heç bir bəhanə olmur və bir növ işsiz qalırlar.
– ABS-Azərbaycan münasibətlərinin hazırki səviyyəsi necədir?
– Hal-hazırda Azərbaycan ABŞ ilə yeni bir sənəd üzərində iş aparır. Söhbət strateji tərəfdaşlıq sənədindən gedir. Azərbaycanın ABŞ-la çoxşaxəli əməkdaşlığı var və hər iki hökumət arasında bu istiqamətdə işlər aparılır. Çox güman, bu proses Azərbaycan–ABŞ arasında tərəfdaşlıq müqaviləsinin imzalanmasına aparacaq.
– Vaşinqtonun sülh prosesindəki rolundan danışarkən məsələyə bir qədər etimadsız yanaşmalar da müşahidə olunur. Necə hesab edirsiniz, ABŞ-nin sülh prosesindəki rolu zəifləyə bilərmi və hansı halda?
– Amerika Birləşmiş Ştatları Cənubi Qafqazda sülh və sabitliyin yaradılmasında maraqlıdır. Təbii ki, bu, Azərbaycanın maraqları ilə də üst-üstə düşür. Azərbaycanın istəyi Cənubi Qafqaz bölgəsini sabitlik, tərəfdaşlıq, sülh bölgəsinə çevirməkdir. Amerikanın da maraqları bununla bağlıdır. Cənubi Qafqaz Asiya ilə Avropanı birləşdirən bir sistem yaradır. Bu həm də enerji, nəqliyyat məsələlərinin əhəmiyyətini artırır. Azərbaycan öz istəklərinə nail olsa, ticarət və iqtisadi dövriyə bölgədə sürətlə inkişaf edə bilər. Amerika da bölgədə buna nail olmağa çalışır.
– ABŞ ATƏT-in Minsk qrupunda həmsədr dövlət idi. Torpaqlarımızın işğalı dövründə münaqişə ilə bağlı mövqelərini görürdük. Yeni yaranan münasibətlərdə dəyişən nədir?
– Məsələ ondan ibarətdir ki, ABŞ-də fərqli iqtidarlar olub. Xatırlatmaq istərdim ki, erməni diasporunun çox güclü təsir göstərdiyi Demokrat Partiyasının nümayəndələri Azərbaycana qarşı hər zaman mənfi mövqedən yanaşırdılar. Tramp admnistrasiyasının erməni diasporası qarşısında hansısa öhdəlikləri yoxdur. Onun maraqları birbaşa Amerikanın maraqları ilə bağlıdır. Bu, Buş Admnistrasiyasında da belə idi. Ona görə də əminəm, Azərbaycan ABŞ ilə münasibətlərini qarşılıqlı maraqlar əsasında müvafiq tərəfdaşlıq sazişini imzalayaraq gücləndirə bilər.
– Hazırkı mərhələdə ABŞ və Avropa İttifaqı arasında ziddiyyətlərin olduğu qeyd olunur. Avropa İttifaqı-ABŞ münasibətləri Azərbaycana münasibətdə sülh prosesini zədələyə bilərmi?
– Düşünürəm, bunun sülh prosesinə heç bir aidiyyəti yoxdur. Tərəflər arasında problemlər Ukrayna–Rusiya müharibəsi ilə bağlıdır. Digər tərəfdən, Azərbaycan bölgənin ən güclü dövlətidir. Və ən əsas məsələ onunla bağlıdır ki, Azərbaycan özünün müstəqilliyini hər bir sahədə qazanıb. Ona görə də bu dövlət və qurum arasında istənilən ziddiyyət olsa da, Avropanın daxilində erməni diasporanın təsiri ilə hansısa oyunlar oynanılsa da, Azərbaycanın mövqeyinə, Cənubi Qafqazda yaratdığı sistemə mənfi təsiri ola bilməz.
– ABŞ Azərbaycanı Qəzza, Suriya problemlərinin həllində tərəfdas kimi görmək istəyir. Mövcud vəziyyətdə bu istəyə müsbət cavab vermək nə dərəcədə realdır?
– Azərbaycan ehtiyacı olan ölkələrə hər zaman humanitar, enerji sahəsində öz dəstəyini verir. Azərbaycanın hər zaman humanitar dəstək siyasətinə üstünlük verdiyini yaxşı bilirik. Ümidvarıq ki, bu prosesdə də Azərbaycanın dəstəyi humanitar olacaq.
– ABŞ bundan nə qazanır? Azərbaycanı Qəzza, Suriya problemlərinin həllində tərəfdaş kimi görmək istəyində marağı nədir?
– Onlar istəyirlər ki, hansısa bir müsəlman ölkəsi Qəzza bölgəsində öz ordusunu yeridərək sabitliyi təmin etsin. Bu müraciət həm İndoneziyaya, həm Türkiyəyə, Azərbaycana da edilib. Açığı, Azərbaycan bu gün silahlı qüvvələrini göndərərək HƏMAS-la döyüşməyə hazır deyil. Hələ ki, Qəzza bölgəsində HƏMAS-ı tərk-silah edə bilmirlər. Ona görə də hansısa qoşunları ora göndərməkdən söhbət gedə bilməz.
– Avropa Surası Azərbaycan münasibətlərində hansısa yeniliklər varmı və ABŞ-Azərbaycan münasibətlərindəki irəliləyişləri Azərbaycan-Avropa Şurası münasibətlərində də görə bilərikmi?
– Heç bir yenilik yoxdur. Avropa Şurası Azərbaycandan üzr istəməlidir. Yanız bundan sonra Azərbaycan Avropa Şurası ilə hansısa yeniliyə hazır olub-olmayacağına baxa bilər. Avropa Şurası ilə ABŞ tamamilə fərqlidir. ABŞ Avropa Şurasında müşahidəçi statusuna malikdir və qərarların qəbul olunmasında iştirak eləmir.
– Niyə Avropa Şurasında təmsil olunan dost dövlətlər AŞ–Azərbaycan arasında münasibətlərin istiləşməsi üçün hər hansı bir dəstəkci kimi çıxış eləmir?
– Bu təşkilat, ümumiyyətlə, nüfuzunu itirmiş bir qurumdur. Avropa Parlamentində, Avropa Şurasında korrupsiya ilə bağlı olan vəziyyət bu təşkilatların əhəmiyyətini, nüfuzunu azaldıb. Bəlkə də Azərbaycanın belə bir platformada iştirakı lazımsızdır. Çox təəssüf ki, Avropa Şurası korrupsiyaya qurşanmış bir qurum simasına malikdir.
Tahirə Qafarlı