AZ

Elektron siqaret infarkt riskini artıra bilər

ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 18 dekabr, AZƏRTAC

Alimlər elektron siqaretdən istifadənin infarkt riskini artıra biləcəyini müəyyən ediblər.

AZƏRTAC “BMC Public Health” elmi jurnalına istinadla xəbər verir ki, tədqiqatçılar elektron siqaret istifadəsi ilə infarkt və insult riski arasındakı əlaqəni araşdırıblar.

Araşdırma çərçivəsində əvvəlki illərdə aparılan və infarkt üzrə 430 min 875, insult üzrə isə 1 milyondan çox iştirakçını əhatə edən 12 elmi tədqiqatın nəticələri təhlil edilib. Nəticələr göstərib ki, elektron siqaret istifadə edən şəxslərin infarkt keçirmə ehtimalı bu məhsullardan istifadə etməyənlərlə müqayisədə 53 faiz daha yüksəkdir. Bununla yanaşı, xüsusilə əvvəllər adi siqaret çəkmiş və hazırda elektron siqaretdən istifadə edən şəxslərdə infarkt riskinin daha çox olduğu müəyyən edilib. Araşdırmada, həmçinin qeyd olunub ki, əvvəllər siqaret çəkən və elektron siqaret istifadə etməyə davam edən şəxslərdə insult riski siqaret çəkməyənlərlə müqayisədə 73 faiz yüksəkdir.

Tədqiqatçılar əldə olunan nəticələrin elektron siqaretin “zərərsiz” alternativ kimi qiymətləndirilməməli olduğunu göstərdiyini vurğulayıblar.

Xatırladaq ki, siqaretdən istifadə uzun illərdir koronar arteriya xəstəliyi, arterial hipertenziya və insult da daxil olmaqla, ürək-damar xəstəliklərinin əsas risk amillərindən biri hesab edilir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
73
2
azertag.az

3Mənbələr