İranın mühafizəkar qanadının TRIPP layihəsinə bu qədər sərt reaksiyası real təhlükəsizlik narahatlığıdır, yoxsa regionda dəyişən geosiyasi balanslara nəzarəti itirmə qorxusu? Politoloq İlyas Hüseynov Olaylar.az-a bildirib ki, İran tərəfinin yenidən Zəngəzur dəhlizinə qarşı çıxması tamamilə qəbul olunmazdır, xüsusilə 8 avqustda Vaşinqtonda əldə olunan razılaşmalara qarşı bir neçə ay sonra İranın bu cür mövqe nümayiş etdirməsi başadüşülən deyil:"Xüsusilə burada İran daxilində müxtəlif qruplar arasında ciddiyyətlərin olduğunu görürük. Çünki İranın Prezident Administrasiyası və Xarici İşlər Nazirliyi regional balans, əməkdaşlıq və tərəfdaşlıq münasibətləri kontekstində bütün məsələləri nəzərdən keçirir. Təəssüf ki, İranın mühafizəkar dəstələri, xüsusilə Dini Ofis və Təhlükəsizlik Şurası tamamilə başqa mövqe ortaya qoyur. Bu, İran daxilində çox ziddiyyətli, kəskin və müxtəlif fikirlərə yol açan münasibətlər sisteminin olduğuna dəlalət edir. Düşünürəm ki, Ermənistanın özü kommunikasiya xətləri üzərində suverenlik və suverenliyin pozulmaması kontekstində Zəngəzur dəhlizini nəzərdən keçirdiyi halda, İranın bu yanaşması həm Ermənistanın, həm də ümumiyyətlə Cənubi Qafqazda gedən proseslərə müdaxilə kimi qiymətləndirilə bilər. Mən əvvəllər də çıxışlarımda söyləmişdim ki, İranın kommunikasiya xətlərinin açılmasına qarşı çıxması gələcəkdə İran-Ermənistan problemlərinə yol açacaq. Çünki İran Ermənistanı müdafiə etmir. Əksinə, Ermənistanın daxili işlərinə müdaxilə edərək öz milli maraqlarını güdür və bir sıra hallarda bu milli maraqlar kimi təqdim olunan məsələlər əməkdaşlığa, sülhə və təhlükəsizliyə qarşı yönəlmişdir.
Düşünürəm ki, bütün hallarda olduğu kimi, hazırda İranla danışıqlar aparmaq, məsələnin mahiyyətini izah etmək, heç bir halda bu dəhlizin konfrontasiyalara, ciddiyyətlərə, siyasi böhranlara və ya kataklizmlərə yol açmadığını, əksinə, sülhü, təhlükəsizliyi və sabitliyi mühkəmləndirmə layihəsi kimi nəzərdən keçirilməsini izah etmək və davamlı danışıqlar müstəvisində olmaq önəmlidir".
Zeynəb Mustafazadə