
Beynimiz yalnız düşünmək üçün deyil – o, bütün hisslərimizi, davranışlarımızı və emosiyalarımızı idarə edən mərkəzdir. Həyəcan, panik atak və əsəbilik kimi hallar yalnız psixoloji deyil, həm də nevroloji proseslərin nəticəsidir. Gündəlik həyatımızda qarşılaşdığımız kiçik hadisələr belə beynimizdə böyük reaksiyalar yarada bilər və ruh halımıza birbaşa təsir göstərə bilər.Bu barədə nevropatoloq Qalib Əsədov Missiya.Az-a danışıb.
"Həyəcan, panik atak və əsəbilik təkcə psixoloji deyil, həm də nevroloji proseslərin nəticəsidir. Bu hallar birbaşa sinir sisteminə təsir göstərir. Bədənimizdə və ətrafımızda baş verən istənilən hadisə psixikamıza müsbət və ya mənfi təsir edə bilər və nəticədə müəyyən nevroloji problemlər yarana bilər. Əslində, psixoloji olaraq qəbul edilən bütün hadisələr beyində baş verən biokimyəvi reaksiyalardan və sinir sistemində gedən proseslərdən asılıdır. Şəxsiyyətimizi, davranışlarımızı, emosiyalarımızı və düşüncələrimizi məhz beyin müəyyən edir. Hətta adi diş ağrısı belə əsəbilik, yuxusuzluq və narahatlıq yaradır. Səhər işə gedərkən avtobusda baş verən qalmaqallı vəziyyət isə bütün günümüzə mənfi təsir göstərə, əmək və zehni qabiliyyətimizi azalda bilər",-Qalib Əsədov bildirib.

Nevropatoloqun sözlərinə görə, psixoloji və nevroloji problemlər bir-birindən tamamilə ayrı deyil. Hər şey beyində başlayır və bizim davranışlarımız, düşüncələrimiz, emosiyalarımız beyində gedən reaksiyalardan asılıdır. Beynimiz sağlam olduqda insult, Alzheimer, qocalıqla bağlı zehni zəiflik, demans və digər beyin xəstəliklərinin riski azalır. Beynin sağlam qalması üçün bir neçə vacib faktor var. Sağlam qidalanma bunlardan biridir; balıq, qoz, fındıq və bitki yağları beynin fəaliyyətini dəstəkləyir. Eyni zamanda, şəkərli içkilər, duzlu və yağlı yeməklərdən uzaq durmaq beyin sağlamlığı üçün vacibdir. Fiziki aktivlik də önəmli məqamlardandır. Gündə ən az bir saat sürətli yürüş etmək, səhərlər idmanla məşğul olmaq beynin və bədənin sağlamlığına faydalıdır. İdman zamanı fon musiqisinin olması əhval-ruhiyyəyə müsbət təsir göstərir. Beyni məşq etdirmək də vacibdir; oxumaq və yeni biliklər öyrənmək beynin fəaliyyətini artırır. Məsələn, “Discovery” kanallarında tarix, kosmos və müxtəlif mövzularda maraqlı məlumatlar əldə etmək mümkündür."Sosial aktivlik və düzgün yuxu rejimi də beyin sağlamlığı üçün vurğulamaq lazımdır. İnsanlarla ünsiyyətdə olmaq, kollektiv səyahətlərə çıxmaq, ailə ilə keyfiyyətli vaxt keçirmək stressi azaldır. Gündə 8 saat yuxu yatmaq bioloji ritmi qoruyur, çünki gecə beyində melatonin hormonu ifraz olunur. Gecə gec yatmaq və gündüz çox yatmaq bioloji ritmi poza bilər, bu da yorğunluq və aqressivliyə səbəb olur. Stress hormonlarının, xüsusən kortizolun beyinə zərər verdiyi məlumdur. Onun qarşısını almaq üçün gəzmək, səyahət etmək, kitab oxumaq, krossvord həll etmək və şahmat oynamaq faydalıdır. Həmçinin, qan təzyiqi, şəkər və xolesterini normada saxlamaq üçün ildə ən az bir dəfə tibbi müayinədən keçmək tövsiyə olunur. Xülasə olaraq, beyin sağlamlığını qorumaq üçün sağlam qidalanmaq, hərəkətli olmaq, beynimizi məşq etdirmək, yaxşı yatmaq, stressi azaltmaq və tibbi müayinələri unutmamaq vacibdir",- Q. Əsədov əlavə edib.
İlahə QənbərliMissiya.Az