AZ

“İranın etirazları əsassızdır”- Elçin Xalidbəyli

Cənubi Qafqazda nəqliyyat-kommunikasiya xətlərinin yenidən formalaşması regiondankənar güclərin maraqlarını toqquşdurmaqda davam edir. Xüsusilə Zəngəzur dəhlizi ətrafında gedən müzakirələr indi fərqli adlar altında gündəmə gətirilən yeni marşrutlarla daha da aktuallaşıb. Bu kontekstdə “Tramp marşrutu” adlandırılan layihənin mahiyyəti və regional təsirləri ətrafında səsləndirilən mövqelər diqqət çəkir.

Politoloq Elçin Xalidbəyli Editor.az-a açıqlamasında bildirib ki, “Donald Tramp marşrutu” kimi təqdim olunan layihə mahiyyət etibarilə Zəngəzur dəhlizi ilə eyni təşəbbüsdür və sadəcə fərqli ad altında gündəmə gətirilir:

“İran əvvəllər Zəngəzur dəhlizini öz milli maraqlarına zidd hesab etdiyi kimi, hazırda da “Tramp marşrutu”nu eyni neqativ mövqedən dəyərləndirir.
Halbuki İranın bu məsələdə tutduğu mövqe həm məntiqsiz, həm də absurddur. Çünki söhbət Avropa ilə Asiyanı birləşdirəcək geoiqtisadi marşrutdan gedir. Bu, sırf iqtisadi və nəqliyyat layihəsidir”.

Politoloq qeyd edib ki, İran bu marşruta qarşı çıxmasını açıq şəkildə bəyan etməsə də, əsl narahatlıq ABŞ-nin Cənubi Qafqazda möhkəmlənməsi ilə bağlıdır:

“Rəsmi Tehran bu layihəni Rusiya kimi ABŞ-nin regionda yerləşməsi kontekstində qiymətləndirir. Yəni hesab edirlər ki, ABŞ-nin Cənubi Qafqaza daxil olması sonrakı mərhələdə NATO-nun regiondakı təsirini artıracaq və bu da İran üçün təhlükə yarada bilər. İranın düşündüyü əsas məqam bundan ibarətdir. Məhz bu səbəbdən İran həm əvvəl Zəngəzur dəhlizinə, həm də indi “Tramp marşrutu”na etiraz edir. Lakin bu məsələdə İranın Azərbaycana qarşı hər hansı irad irəli sürmək hüququ yoxdur.

Çünki sözügedən marşrut Ermənistan ərazisindən keçəcək 42 kilometrlik yol hissəsini əhatə edir və bu layihə ABŞ ilə Ermənistan arasında razılaşdırılıb”.

Politoloqun fikrincə, layihənin reallaşdırılması Azərbaycan üçün heç bir risk daşımır, əksinə, ciddi üstünlüklər vəd edir:

“Bu marşrut Azərbaycan üçün olduqca faydalıdır. Ölkəmiz Orta Asiya və ümumilikdə Asiya ölkələrinin yüklərinin Avropaya daşınmasında daha mühüm tranzit mərkəzinə çevriləcək. Hazırda Azərbaycanın nəqliyyat-kommunikasiya infrastrukturu və enerji nəqli kəmərləri artıq bu prosesi təmin edir. Zəngəzur dəhlizinin reallaşması isə bu imkanları daha da genişləndirəcək və prosesin intensivliyini artıracaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
126
editor.az

1Mənbələr