AZ

Tərəflər kompromisə gedəcəkmi? - ŞƏRH

Rusiya və ABŞ nümayəndə heyətlərinin qarşıdan gələn həftə sonu ABŞ-nin Mayami şəhərində Rusiya-Ukrayna münaqişəsinin həllini müzakirə edəcəkləri gözlənilir.

Redaktor.az-a danışan siyasi şərhçi Çingiz Şahbazi bildirdi ki, bu istiqamətdə danışıqlar prosesi sürətlənib. Onun fikrincə, bu görüş də onu deməyə əsas verir ki, ABŞ prosesi davam etdirməkdə israrlıdır və iki ölkə arasında münaqişənin həlli ilə bağlı mümkün olan bütün addımları atmağa hazırdır:

"Əvvəlki danışıqlar konstruktiv keçsə də, tərəflər hələ də əsas problemli məsələlərdə razılığa gəlməyiblər. Bu, xüsusilə də ərazi məsələləri və təhlükəsizlik zəmanətləri ilə bağlıdır. Ukrayna hökuməti bu məsələlərdə ciddi şəkildə qırmızı xətt qoyub və bunun Moskva tərəfindən qəbul edilməsi çətin görünür. Rusiya Prezidenti Putinin Ukrayna ilə bağlı mövqeyi həddindən artıq sərtdir və danışıqlar prosesində əsasən məhz bu kimi sərt şərtlərin yumşaldılması istiqamətində dayanılır".

Siyasi şərhçinin sözlərinə görə,  ABŞ çalışır ki, hər iki tərəf kompromis yolunda addımlar atsın və orta yol üzrə razılaşma əldə olunsun, daha sonra isə sülh sazişi üzərində mexanizm tətbiq edilsin:

"Bu baxımdan görüş hər iki tərəf üçün vacibdir və müsbət nəticələrin əldə olunması ehtimalı var, lakin azdır. Çünki ərazi məsələləri bu istiqamətdə danışıqlar prosesinə ciddi baryerdir, desək, yanılmarıq. Bu baxımdan dayanıqlı sülh sazişinin imzalanması perspektivi hələlik yaxın görünmür".

Aytəkin TOFİQQIZI

Seçilən
102
1
redaktor.az

2Mənbələr