AZ

Professor İrina Suxareva: Birgə layihələr nə qədər çox olarsa, türk icması bir o qədər güclü olar

Bakı, 18 dekabr, Anara Axundova, AZƏRTAC

AZƏRTAC Türk dünyasının nümayəndələri ilə silsilə müsahibələri davam etdirir. Bu dəfə qonağımız tarix elmləri doktoru, Rusiya Federasiyası Çuvaş Respublikası Mədəniyyət Nazirliyinin Çuvaş Dövlət Mədəniyyət və İncəsənət İnstitutunun Millətlər və arxiv işi üzrə humanitar və sosial-iqtisadi fənlər kafedrasının professoru, Çuvaş Milli Elmlər və İncəsənət Akademiyasının həqiqi üzvü, Xalq akademiki, şair və bəstəkar, müəllif- ifaçı, Başqırdıstan Respublikasının Əməkdar mədəniyyət işçisi və Çuvaş etnomədəniyyətinin Əməkdar xadimi İrina Vitalyevna Suxarevadır.

İrina Vitaliyevna Türk dünyası ölkələri arasında birgə layihələrin əhəmiyyətindən bəhs etdi.

“Türk dünyasında bir sıra irimiqyaslı birgə layihələr həyata keçirilir, əsasən bildiyimiz kimi, Türk Dövlətləri Təşkilatı (TDT) və TÜRKSOY çərçivəsində. Bu təşkilatlar geniş iş aparır. Bu işi türk mədəniyyəti haqqında kontekstlə çoxdilli onlayn platformada davam etdirmək, audio və video formatlarları nəzərdə tutmaq, türk ənənələrinin təbliğ edilməsi üzrə birgə kampaniyalar üçün sosial mediadan da istifadə etmək, mədəni-kütləvi tədbirlər, beynəlxalq tələbə tamaşaları festivalları, dekorativ-tətbiqi incəsənət, eləcə də artefaktlar, əlyazmalar kimi arxeoloji tapıntılar sərgilərini keçirmək olar.

Bu cür layihələr çox əhəmiyyətlidir: onlar ortaq kimliyi gücləndirir, türk xalqlarımızın tarixi və mədəni birliyini vurğulayır və bu, Türk dünyasına mənsubluq hissini formalaşdırır”, - deyə müsahibimiz qeyd edib.

O, bu yaxınlarda Başqırdıstanda keçirilən konfransın uğurundan danışdı: “Bu il biz təkcə Rusiyanın özündən deyil, həm də uzaq xaricdən olan türkləri bir araya gətirən yüksək keyfiyyət səviyyədə “Rusiya türkləri” konfransını keçirdik. Ünsiyyət qurmaq çox xoş idi, çox xoş xatirələr qaldı! Çoxtərəfli əlaqələri də inkişaf etdirmək, siyasi və iqtisadi dialoq üçün etibarlı mühit yaratmaq məqsədilə mədəni və təhsil layihələri hazırlamaq olar. Məsələn, tələbə və ekspert mübadiləsi ölkələr arasında insan əlaqələrini gücləndirir”.

İrina Suxareva hesab edir ki, son zamanlar TÜRKSOY təşkilatının beynəlxalq statusu yüksəldilir və bu, ona UNESCO, BMT və digər təşkilatlarda vahid cəbhə olaraq çıxış etməyə və fəaliyyətini bu forumlar çərçivəsində əlaqələndirməyə imkan verir.

“Türk ölkələrinin birgə layihələrinə gəldikdə, bu, sadəcə mədəni mübadilə olmamalıdır. Bu, strateji bir alətdir. Layihələr dövlətlər arasında etimadı gücləndirəcək, təhsil, elm və hətta təhlükəsizlik sahəsində ortaq bir gündəm yaradacaq. Məncə, onlar Türk dünyasının qlobal səhnədə görünüşünü artırmağa, qloballaşma şəraitində kimliyini qorumağa kömək edəcək, çünki qloballaşma hazırda bizə dərin təsir göstərir. Hazırda ənənələr arxa plana çəkilir və bu, çox kədərlidir”, - deyə professor vurğulayıb.

Onun fikrincə, nə qədər çox birgə layihə təşəbbüsləri olarsa, türk icması Avrasiyada müstəqil güc mərkəzi kimi bir o qədər güclü olacaq. “İndi onlayn məkanda böyük imkanlarımız var: əlaqələr, ünsiyyət və əməkdaşlıq üçün. Mən düşünürəm ki, bu ideyaları həyata keçirmək üçün gənc yaradıcı aktiv şəxsiyyətləri bu proseslərə cəlb etmək, Türk dünyası ilə mədəni və təhsil sahələrində əməkdaşlıq üçün koordinasiya mərkəzləri yaratmaq lazımdır”, - deyə İrina Suxareva sözünü yekunlaşdırıb.

Seçilən
127
azertag.az

1Mənbələr