“The Wall Street Journal” ekspert qiymətləndirmələrinə istinadən xəbər verir ki, Venesuelanın neft ixracının təxminən 70%-i ABŞ sanksiyalarına məruz qalan tankerlər vasitəsilə həyata keçirilir.
Bundan əvvəl Donald Tramp Venesuelaya gedən və ya ölkədən çıxan, sanksiyalara məruz qalmış bütün neft tankerlərinə qarşı “tam və hərtərəfli blokada” tətbiq edilməsi barədə göstəriş verib. Eyni zamanda o, Venesuelanın hazırkı hakimiyyətini xarici terror təşkilatı elan edib.
Dünən venesuelalı iqtisadçı Asdrubal Oliveros ölkənin milli radiosunun efirində bildirib ki, bu tankerlərə çıxışın itirilməsi Venesuelanı illik 8 milyard dollar həcmində neft gəlirindən məhrum edəcək. Onun sözlərinə görə, ABŞ sanksiyaları altında olan venesuela tankerləri əsasən Asiyadan olan alıcılarla işləyir və bu alıcılar neft və neft məhsullarının ödənişini kriptovalyuta ilə həyata keçirirlər.
Məlumata görə, sanksiyaya məruz qalan bəzi tankerlər artıq marşrutlarını dəyişərək ABŞ Hərbi-Dəniz Qüvvələrinə məxsus gəmilərdən yayınmağa çalışırlar. Qeyd olunur ki, ötən həftə ABŞ Hərbi-Dəniz Qüvvələri bu tankerlərdən birini ələ keçirib. “TankerTrackers.com” ixtisaslaşmış resursunun məlumatına əsasən, hazırda Venesuela sularında təxminən 75 tanker mövcuddur və onların yarısı ABŞ Maliyyə Nazirliyinin qara siyahısına daxil edilib. Bu tankerlərdən təxminən iyirmisi adətən xam neft ixracı üçün istifadə olunur.