AZ

Şadlıq evləri "qan ağlayır": Gənclər niyə evlənməkdən qaçırlar?

Müasir dövrdə gənclərin evlənməyə meyilinin azalması artıq statistik göstəricilərdə də öz əksini tapır.

Gənclər ailə qurmağı əvvəlki nəsillərlə müqayisədə daha ciddi məsuliyyət kimi dəyərləndirir, maddi və mənəvi yükün ağırlığını nəzərə alaraq bu qərarı ertələyir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin yanvar–oktyabr ayları ərzində ölkə üzrə 40 min 739 nikah qeydə alınıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə azalma tendensiyasını ortaya qoyur, əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 4,9-dan 4,8-ə enib.

Cəmiyyətdə baş verən bu dəyişikliklər toy sektoruna da birbaşa təsir göstərir.Məlumatlara görə, bir çox şadlıq sarayı sahibləri toylara tələbatın əvvəlki illərlə müqayisədə xeyli azaldığını, toy sektorunda durğunluq yaşandığını bildirir.

Toy xərclərinin artması, gənclərin maddi çətinlikləri, toylara marağın azalmasının əsas səbəblərindəndir.

“Cebheinfo.az” şadlıq sarayları ilə əlaqə saxlayaraq son vəziyyəti öyrənib.

“Xəmsə” şadlıq sarayının nümayəndəsi deyib ki, toylar üzrə tələbat kəskin şəkildə azalıb:

“Hətta toy sferasında ciddi durğunluq yaranıb. Əvvəlki illərlə müqayisədə təxminən 70 faiz azalma müşahidə olunur. Təbii ki, bu vəziyyət qiymətlərə də təsirsiz ötüşmür və hazırkı şərait qiymət birbaşa təsir göstərir”.

"Ağ saray" şadlıq evinin əməkdaşı isə bildirib ki, toylara tələbat azalıb:

“Əvvəlki illərlə müqayisədə bu azalma açıq şəkildə hiss olunur. Hazırkı vəziyyət toy sektoruna təsirsiz ötüşməyib. Ümid edirik ki, yaxın dövrdə vəziyyət normallaşacaq və bazarda əvvəlki canlanma bərpa olunacaq”.

“Xəzinə” şadlıq sarayının administratoru qeyd edib ki, toy edənlərin sayında müəyyən azalma müşahidə olunur:

“Lakin bu azalmanın menyu qiymətlərinə ciddi təsir göstərməyib. Qiymətlər əsasən, əvvəlki səviyyədə saxlanılır, dəyişikliklər daha çox mövsümlə bağlı olur”.

“Şərq” şadlıq evinin administratoru da vurğulayıb ki, qış aylarında toyların sayı adətən az olur:

“Bu səbəbdən, qış mövsümündə qiymətlər həmişə daha münasib olur və müştərilər üçün əlverişli şərait yaranır”.

“Afrodita” şadlıq sarayından bildirilib ki, toylar üzrə ümumi tələbat kəskin şəkildə azalmayıb:

“Yalnız qış aylarında tələbat adətən zəif olur. Hazırda tələbatın nisbətən azalması isə qiymətlərə təsir edir”.

Seçilən
82
cebheinfo.az

1Mənbələr