AZ

AzMİ nümayəndələri Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın iclasında iştirak ediblər

Bakı, 18 dekabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Metrologiya İnstitutunun (AzMİ) nümayəndələri MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Metrologiya üzrə Elmi-Texniki Komissiyasının 62-ci iclasında iştirak ediblər.

AzMİ-dən AZƏRTAC-a bildirilib ki, onlayn formatda keçirilən iclasda ölkəmizlə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Tacikistan və Özbəkistanın metrologiya qurumlarının nümayəndələri, həmçinin MDB-nin İcraiyyə Komitəsinin və Dövlətlərarası Şuranın Standartlar Bürosunun təmsilçiləri iştirak ediblər.

İclas zamanı Metrologiya üzrə Elmi-Texniki Komissiyanın tərkibində AzMİ-nin iştirakı, metrologiya sahəsində həyata keçirilən institusional islahatlar, Azərbaycanda milli etalon bazasının formalaşdırılması istiqamətində görülmüş işlər və qarşıdakı dövr üçün nəzərdə tutulan planlar barədə məlumat verilib. Həmçinin iclas çərçivəsində Dövlətlərarası Şuraya üzv dövlətlərdə ölçmələrin vəhdətinin təmin edilməsi, “MГС: 2030” strategiyasının icrası məqsədilə qəbul edilmiş Fəaliyyət Planının icrası, qarşılıqlı əməkdaşlıq məsələləri, habelə “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” model qanun layihəsi müzakirə olunub.

İclasda Avrasiya Ölkələrinin Milli Metrologiya Qurumlarının Əməkdaşlığı Təşkilatı (COOMET) ilə Dövlətlərarası Şura arasında qarşılıqlı fəaliyyət, “MDB-nin ən yaxşı gənc metroloqu” müsabiqəsinin təşkili, eləcə də səhiyyə sahəsində standartlaşdırma üzrə dövlətlərarası texniki komitənin yaradılması ilə bağlı təqdimatlar dinlənilib.

Qeyd edək ki, MDB ölkələrinin Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurası standartlaşdırma, metrologiya və sertifikatlaşdırma üzrə əlaqələndirilmiş siyasəti formalaşdırıran və həyata keçirən hökumətlərarası orqandır. Azərbaycan Metrologiya İnstitutu Dövlətlərarası Şuranın metrologiya üzrə Elmi-Texniki Komitəsi və Ölçmələr üzrə İşçi Qrupunda təmsil olunaraq ölçmələrin dəqiqliyinin artırılması və etalonların müqayisəsi istiqamətində əməkdaşlıq edir.

 

Seçilən
117
azertag.az

1Mənbələr