ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
“Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi uşaqların zərərli informasiyadan qorunması ilə bağlı qanuna dəyişiklik etməsi, şübhəsiz ki, təqdirəlayiq və məqsədəuyğun bir addımdır”.Bunu Demokrat.az-a açıqlamasında sosioloq Naib Niftəliyev bildirib.O deyib ki, burada əsas məsələ qanunların nə dərəcədə effektiv tətbiq olunması və icra mexanizmlərinin işləkliyidir:“Qanunvericilik ideal formatda hazırlansa da, onun tətbiqi və icrası real nəticələrin əldə olunmasında həlledici rol oynayır. Xüsusilə uşaq hüquqları, informasiya təhlükəsizliyi və uşaqların zərərli informasiyadan qorunması məsələləri üzrə qanunvericilik aktlarının bir-biri ilə düzgün əlaqələndirilməsi və praktiki tətbiqi vacibdir. Tək qanun və ya qadağa ilə uşaqları informasiya mühitindən tam qorumaq mümkün deyil. Uşaqlar hər halda maraq və öyrənmə instinkti ilə istənilən informasiyaya çıxış yolu axtaracaqlar. Ona görə də, təkcə maarifləndirmə deyil, yəni qabaqlayıcı tədbirlər daha önəmlidir. Biz hadisələrin nəticələrini idarə etməkdənsə, onların qarşısını almağı bacarmalıyıq. Yaş dövrlərinə uyğun psixoloji və pedaqoji yanaşmalar, uşaqların şüur formalaşmasında mühüm rol oynayır”.Onun sözlərinə görə, valideynlərin və ümumilikdə böyüklərin rolu burada danılmazdır:“Təəssüf ki, bəzi hallarda cüzi maddi maraqlar naminə zərərli kontent və ya məhsulların uşaqlara çatdırılmasına şərait yaradan şəxslər də olur. Bu isə artıq təkcə uşaqlarla deyil, cəmiyyətlə bağlı ümumi məsələdir. Ona görə də qanunvericilik tədbirləri ilə yanaşı, sosial, psixoloji və hüquqi istiqamətli kompleks proqramlar hazırlanmalı, konkret fəaliyyət planları tərtib olunmalıdır. Komitənin bu istiqamətdə konseptual yanaşmaları mövcuddursa da, bu təşəbbüs bir qədər gecikmiş hesab olunsa belə, vaxtında atılmış vacib addımdır. Uşaqların rifahı, onların zərərli informasiyadan qorunması istiqamətində daha səmərəli və davamlı mexanizmlərin qurulması gələcək nəsillərin sağlam formalaşması baxımından mühüm əhəmiyyət daşıyır”.Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.