AZ

Beynəlxalq daşımalar zamanı təhlükəsizlik və keyfiyyət standartlarının pozulması necə aradan qaldırılır?

Bakı, 18 dekabr, AZƏRTAC

Bəzən beynəlxalq daşımalar zamanı təhlükəsizlik və keyfiyyət standartlarının pozulması hallarına rast gəlinir. Bu hallar əsasən sənədləşmədə uyğunsuzluq, yüklərin düzgün bərkidilməməsi, texniki tələblərə əməl edilməməsi və ya beynəlxalq qaydaların pozulması kimi müxtəlif səbəblərdən yarana bilər.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) prezidenti Həbib Həsənov AZƏRTAC-a açıqlaması zamanı bildirib ki, belə pozuntular həm daşımaların təhlükəsizliyinə, həm də yüklərin vaxtında çatdırılmasına mənfi təsir göstərir.

H.Həsənov əlavə edib ki, assosiasiya bu kimi hallara biganə qalmır və proseslərə operativ şəkildə reaksiya verir.

“İlk növbədə, pozuntu aşkarlandıqda məsələ Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində araşdırılır. Assosiasiya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, eləcə də Dövlət Gömrük Komitəsi ilə sıx əməkdaşlıq edərək problemin səbəblərini müəyyən edir və qarşısının alınması üçün tədbirlər görür. Bu tədbirlərə maarifləndirici görüşlərin keçirilməsi, daşıyıcı şirkətlər üçün əlavə təlimlərin təşkili, texniki tələblərə uyğunluğun gücləndirilməsi, həmçinin nəzarət mexanizmlərinin təkmilləşdirilməsi daxildir. Lazım olan hallarda daşıyıcılara xəbərdarlıq edilir və qanun pozuntusunun xarakterindən asılı olaraq inzibati tədbirlər də tətbiq oluna bilər. Ümumilikdə, assosiasiyanın məqsədi standart pozuntularının minimuma endirilməsi, daşıyıcıların məsuliyyətinin artırılması və beynəlxalq daşımaların təhlükəsiz, keyfiyyətli şəkildə həyata keçirilməsini təmin etməkdir”, - deyə Həbib Həsənov əlavə edib.

Seçilən
114
azertag.az

1Mənbələr