Bakı, 18 dekabr, Pərvanə Qafarova, foto Orxan Kərimov, AZƏRTAC
2025-ci ildə Azərbaycanda kibertəhdidlər arasında dövlət mənşəli APT (Advanced Persistent Threat) tipli hücumların artımı müşahidə olunub, ransomware hücumlarının sayı isə azalıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi Davud Rüstəmov AKTA-nın illik hesabat tədbirində məlumat verib. Onun sözlərinə görə, cari il ərzində kritik informasiya infrastrukturlarından birində kibercinayət halı qeydə alınıb və operativ araşdırmalar nəticəsində iki nəfər məsuliyyətə cəlb olunub. Müdaxilənin vaxtında aşkarlanması məlumat sızmasının və daha geniş təsirlərin qarşısını almağa imkan verib.
D.Rüstəmov qeyd edib ki, APT hücumları əsasən dövlət dəstəyi ilə həyata keçirilən mürəkkəb və uzunmüddətli hücumlar olmaqla daha ciddi təhlükə yaradır. Bu hücumlara qarşı mübarizə çərçivəsində aidiyyəti dövlət qurumları ilə birgə araşdırma, qarşısının alınması və preventiv tədbirlər həyata keçirilir.
Milli Kibertəhlükəsizlik Mərkəzinin rəisi əlavə edib ki, 2025-ci ildə kibe təhdidlərə qarşı mübarizə platforması genişləndirilib. MİS platforması üzərindən həyata keçirilən məlumat mübadiləsinə artıq 5 xarici dövlətin milli kibertəhlükəsizlik mərkəzləri qoşulub və əldə edilən təhdid indikatorları maraqlı tərəflərlə operativ şəkildə paylaşılır.
O vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişlənməsi ölkənin kiber dayanıqlığının artırılmasına mühüm töhfə verir.