BMT: Suriyalılar bir il əvvəlki ilə müqayisədə əhəmiyyətli irəliləyiş əldə etsələr də, ciddi maneələr qalmaqdadır
Birləşmiş Millətlər Təşkilatının Siyasi Məsələlər üzrə Baş Katibinin müavini Rozmari DiKarlo Suriyada Bəşər Əsəd rejiminin devrilməsindən sonrakı bir ildə əldə edilən irəliləyişi qeyd edərək, "ciddi maneələrin" hələ də qaldığını bildirib.DiKarlo BMT Təhlükəsizlik Şurasının (TŞ) "Yaxın Şərqdəki vəziyyət" adlı iclasında son bir ildə Suriyada baş verən hadisələrlə bağlı qiymətləndirmələr aparıb.
"Suriyalılar bir il əvvəlki ilə nisbətən əhəmiyyətli irəliləyişlər əldə ediblər, lakin ciddi maneələr qalmaqdadır", - deyən DiKarlo bölgə ilə bağlı gözləntilərin yüksək olduğunu, lakin çətinliklərin çox olduğunu əlavə edib.
DiKarlo bildirib ki, Suriyada Xalq Məclisi və Konstitusiya Məhkəməsinin tam şəkildə qurulması da daxil olmaqla bir çox vacib qurum tezliklə yaradıla bilər.
Baş katibin müavini son bir ildə 1 milyondan çox suriyalı qaçqın və təxminən 2 milyon məcburi köçkünün yaşadıqları ərazilərə qayıtdığı barədə məlumat paylaşıb.
Bu prosesdə bir çox ölkənin Suriyaya qarşı sanksiyaları ləğv etdiyini xatırladan DiKarlo qeyd edib ki, ən son olaraq ABŞ Konqresi Sezar Aktını ləğv edib.
DiKarlo deyib: "Digər müsbət inkişaf isə 10 martda Suriya hökuməti ilə Suriya Demokratik Qüvvələri (Suriyada SDF adından istifadə edən PKK/YPG terror təşkilatı) arasında əldə edilən razılaşma olub. Razılaşmanın həyata keçirilməsi üçün ilin son hədəfi yaxınlaşdıqca, tərəfləri təhlükəsizlik və siyasi aspektlərlə bağlı konstruktiv addımlar atmağa təşviq edirik".
BMT Baş katibinin müavini DiKarlo Suriyada zorakılığın son bir ildə "əhəmiyyətli dərəcədə" azaldığını bildirib, lakin yerindəki vəziyyətin kövrəkliyinə və icmalararası dinamikadakı gərginliyə diqqət çəkib.
DiKarlo deyib: "İsrailin cənubdakı hava hücumları və işğalları bu təhlükəsizlik vəziyyətini daha da pisləşdirib. Baş katibin (Antonio Quterreş) İsraili Suriyanın suverenliyini və ərazi bütövlüyünü pozmaqdan çəkinməyə çağırışını təkrarlayıram və tərəfləri 1974-cü il Ayrılma Sazişinin şərtlərinə hörmət etməyə çağırıram. Suriya və İsrail arasında təhlükəsizlik tənzimləmələri ilə bağlı dialoqun bərpası vacibdir və bu istiqamətdə güclü beynəlxalq və regional iştiraka ehtiyac var."
aia.az
Tərcümə şöbəsi