Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.
Publika.az xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün dövlət hesabına vəkillə təmin olunub.
Məhkəmə iclasının əvvəlində təqsirləndirilən şəxs Ruben Vardanyan müdafiəçisi ilə məhkəmə zalında danışmaq istədiyini deyib.
Sədrlik edən onun vəsatətini təmin edib. Təqsirləndirilən şəxs müdafiəçisi Emil Babışov ilə danışdıqdan sonra ittiham tərəfi çıxış edib.
Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev çıxışında xatırladıb ki, Vardanyan Ruben Karlenoviçin təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb. Bir ilə yaxın müddət ərzində çoxsaylı məhkəmə iclasları keçirilib, sənədlər və sübutlar tədqiq edilib, zərərçəkmiş şəxslər və şahidlər dindirilib. İttiham tərəfi hesab edir ki, hazırkı proses üzrə təqsirləndirilən şəxsin törədilmiş çoxsaylı cinayət əməlləri üzrə təqsiri təqdim edilmiş sübutlar əsasında öz təsdiqini tapıb.