Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az-a açıqlamasında təşkilatın fəaliyyət prioritetləri barədə məlumat verib.
Onun sözlərinə görə, məişət zorakılığına qarşı mübarizə sahəsində hüquqi və psixoloji dəstək xidmətlərinin genişləndirilməsi, eləcə də risk qrupları üçün maarifləndirmə kampaniyalarının artırılması əsas hədəflər sırasındadır:
"Məqsəd, zorakılıq qurbanlarının hüquqlarının qorunması və onların sosial müdafiəsinin gücləndirilməsidir. İnsan alverinə qarşı mübarizə istiqamətində 2026-cı ildə regional səviyyədə maarifləndirmə tədbirləri, təlimlər və seminarlar keçiriləcək, qurbanların reabilitasiyası və hüquqlarının müdafiəsi üçün konkret addımlar atılacaqdır. Hüquqi biliklərin artırılması prioriteti çərçivəsində sosial işçilər, müəllimlər və digər peşə qrupları üçün təlimlər təşkil olunacaq, hüquqi müdafiə mexanizmlərinin təkmilləşdirilməsi təmin ediləcəkdir.
Zenfira Mustafayeva bildirib ki, regional əməkdaşlığın gücləndirilməsi istiqamətində QHT-lər, dövlət qurumları və yerli icmalarla birgə layihələr icra ediləcək, xüsusilə şimal regionlarında fəaliyyətlərin genişləndirilməsinə önəm veriləcəkdir:
"Bundan əlavə, ictimai məlumatlılığın artırılması prioriteti çərçivəsində sosial media, maarifləndirmə kampaniyaları və tədbirlər vasitəsilə zorakılıq və insan alveri ilə bağlı məlumatın geniş ictimaiyyətə çatdırılması təmin ediləcəkdir".
Pərvanə Fərhadqızı