AZ

Avstraliya hakimiyyəti Sidneydəki terror aktından sonra əhalidən silahlarını satın alalacaq

Bonday çimərliyində baş verən qanlı hücumdan sonra ölkə üzrə genişmiqyaslı proqram işə salınacaq...

Poliqon xəbər verir ki, Avstraliyanın baş naziri Entoni Albanize əhalidən silahların geri alınmasını nəzərdə tutan genişmiqyaslı ümummilli proqramın başladıldığını elan edib. Hökumət artıq ehtiyac duyulmayan, yaxın vaxtlarda qadağan edilmiş və ya qanunsuz hesab olunan odlu silah və digər zərərverici vasitələrin sahiblərinə kompensasiya ödəyəcək. Qərar Sidneydəki Bonday çimərliyində törədilmiş terror aktından sonra qəbul edilib. France Presse Agentliyinin məlumatına görə, Avstraliya hakimiyyəti hücum qurbanlarının xatirəsinə ayrıca milli matəm günü də keçirməyi planlaşdırır.

Baş nazir bildirib ki, bu təşəbbüs 1996-cı ildən bəri silahların geri alınması üzrə ən böyük kampaniya olacaq. Həmin il Port-Arturda baş verən və 35 nəfərin ölümü ilə nəticələnən kütləvi atışmadan sonra Avstraliyada odlu silahlarla bağlı qanunvericilik kəskin şəkildə sərtləşdirilmişdi. Albanizenin sözlərinə görə, Port-Artur faciəsindən sonra silah qanunları ciddi şəkildə dəyişdirilsə də, Bondayda baş verən dəhşətli hadisələr ölkə küçələrindən daha çox silahın yığışdırılmasına ehtiyac olduğunu göstərir.

Xatırladaq ki, dekabrın 14-də, yəhudi bayramı Hanukanın ilk günündə Sidneydəki Bonday çimərliyində iki pakistanlı miqrant tərəfindən atəş açılıb. 50 yaşlı kişi hadisə yerində polis tərəfindən zərərsizləşdirilib, onun 24 yaşlı oğlu isə hücumda iştirak edib. Terror aktı nəticəsində 16 nəfər həlak olub, daha 40 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Sidneydə polis orqanlarının məlumatına görə, hücum bir neçə ay əvvəlcədən planlaşdırılıb.

Bundan əvvəl də Entoni Albanize əhali üçün yeni məhdudiyyətlərin hazırlanacağını açıqlamışdı. Bu tədbirlər arasında lisenziya sahiblərinin əldə edə biləcəyi silah sayına limit qoyulması da nəzərdə tutulur. Hakimiyyət orqanları hesab edir ki, silah dövriyyəsinə nəzarətin gücləndirilməsi oxşar faciələrin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.

Poliqon.info

Seçilən
79
poliqon.info

1Mənbələr