AZ

Belçikanın baş naziri: Aİ Rusiyanın aktivlərini Putinə qaytarmaq niyyətində deyil...

Brüssel aktivlərin müsadirəsinə qarşı çıxsa da, onların geri verilməsini də istisna edir...

Poliqon xəbər verir ki, Belçikanın baş naziri Bart de Veber ölkəsinin mövqeyinə yönələn tənqidlərə cavab verərək bildirib ki, Avropa İttifaqı Rusiyaya məxsus dondurulmuş aktivləri istənilən halda geri qaytarmaq fikrində deyil. O qeyd edib ki, Belçika öz yurisdiksiyasında olan Rusiya aktivlərinin müddətsiz dondurulmasını dəstəkləyib, lakin bu vəsaitlərin Ukraynaya verilən kredit üçün müsadirə olunmasına razılıq verməyib.

Bart de Veberin sözlərinə görə, bu mövqe Aİ-nin ümumi siyasətinə zidd deyil. “Avropa İttifaqının Rusiya aktivlərini prezident Vladimir Putinə qaytarmaq kimi ən kiçik niyyəti belə yoxdur”, deyə Batr vurğulayıb. Baş nazirin bu açıqlamasını TASS Agentliyi yayıb.

Bununla yanaşı, Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu gün verdiyi bəyanatda bildirib ki, əgər Avropa İttifaqına üzv ölkələrin ixtisaslı əksəriyyəti bu istiqamətdə səs verərsə, Rusiya aktivlərinin geri qaytarılması hüquqi baxımdan mümkün ola bilər. Bu açıqlama Aİ daxilində mövzu ətrafında fikir ayrılıqlarının davam etdiyini göstərir.

Xatırladaq ki, bu gün səhər Avropa İttifaqı liderləri Ukraynaya 90 milyard avro həcmində faizsiz kredit ayrılması barədə razılığa gəliblər. Avropa Komissiyası bu kreditin Rusiya aktivlərinin müsadirəsi hesabına verilməsinə çalışsa da, Belçika da daxil olmaqla daha altı ölkə bu təklifə qarşı çıxıb. Nəticədə qərara alınıb ki, kredit Aİ-nin ümumi büdcəsi hesabına təmin edilsin.

Hazırda Rusiyaya məxsus aktivlər Avropa ərazisində dondurulmuş vəziyyətdə qalır. Almaniya kanslerinin daha əvvəl bildirdiyinə görə, Moskva Ukraynaya reparasiya ödəmədiyi təqdirdə, Avropa İttifaqı bu vəsaitləri Rusiyaya geri qaytarmayacaq. Bu yanaşma Aİ-nin Ukraynaya siyasi və maliyyə dəstəyinin uzunmüddətli xarakter daşıdığını göstərir.

Poliqon.info

Seçilən
80
poliqon.info

1Mənbələr