AZ

Rusiya XİN müsadirə olunmuş aktivlərin kompensasiya ediləcəyini açıqlayıb

Moskva Aİ-də dondurulmuş qızıl-valyuta ehtiyatları ilə bağlı hüquqi addımlar atacaq...

Poliqon xəbər verir ki, Rusiya Xarici İşlər nazirinin müavini Aleksandr Qruşko Avropa İttifaqında Rusiyaya məxsus qızıl-valyuta ehtiyatları ilə aparılan “maliyyə maxinasiyalarından” dəyən ziyanın kompensasiya ediləcəyini bildirib. Onun sözlərinə görə, cavab tədbirləri artıq həyata keçirilməyə başlanılıb və bu proses gecikməyəcək.

Aleksandr Qruşko “RIA Novosti” Agentliyinə müsahibəsində qeyd edib ki, konkret addımlar çərçivəsində Rusiya Mərkəzi Bankı Moskvadakı Arbitraj Məhkəməsinə müraciət edərək Euroclear depozitarına qarşı iddia qaldırıb. İddiaya əsasən, Mərkəzi Banka vurulmuş maddi ziyanın ödənilməsi tələb olunur. Rusiya tərəfi bu addımı öz maliyyə maraqlarının müdafiəsi kimi qiymətləndirir.

Nazir müavini əlavə edib ki, Rusiya Mərkəzi Bankı hüquqlarını qorumaq üçün müxtəlif beynəlxalq məhkəmə instansiyalarına da müraciət edə bilər. Onun sözlərinə görə, qəbul olunacaq məhkəmə qərarlarının sonradan BMT-yə üzv dövlətlərin ərazisində icra edilməsi üçün hüquqi mexanizmlər mövcuddur.

Qeyd edək ki, dünən Brüsseldə keçirilən Avropa İttifaqı sammitinin ilk günündə Aİ liderləri Rusiyaya məxsus dondurulmuş aktivlərin Ukraynanın maliyyələşdirilməsi üçün müsadirə olunması məsələsində razılığa gələ bilməyiblər. Avropa Komissiyası Kiyevə təxminən 90 milyard avro məbləğində kreditin 210 milyard avro həcmində dondurulmuş Rusiya aktivləri girovu ilə verilməsini təklif edib və Aİ ölkələrinin əksəriyyəti bu yanaşmanı dəstəkləyib.

Bununla belə, Belçika, Macarıstan, Slovakiya, İtaliya, Bolqarıstan, Malta və Çexiya bu təklifə qarşı çıxaraq aktivlərin birbaşa müsadirəsinə etiraz ediblər. Bu fikir ayrılığı fonunda Rusiya tərəfi hüquqi mübarizəni gücləndirəcəyini və dondurulmuş vəsaitlərlə bağlı iddialarını beynəlxalq müstəviyə daşıyacağını açıq şəkildə bəyan edir.

Poliqon.info

Seçilən
95
poliqon.info

1Mənbələr