AZ

Göygöldə şəhid ailələri onlara göstərilən diqqətdən razıdırlar

Göygöldə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan qəhrəman oğullarımızın ailə üzvləri ilə görüş keçirilmişdir. Rayon icra hakimiyyətində keçirilən görüşdə şəhid ailələrinin arzu və istəkləri dinlənilmiş, problemləri ilə maraqlanılmışdır.

Rayon icra hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək   qanı ilə tarix yazan igid oğullarımızın Azərbaycan xalqının qəlbində daim yaşayacaqlarını, əbədiyyətə qovuşan şəhidlərimizin əziz xatirəsinin həmişə ehtiramla yad ediləcəyini diqqətə çatdırmışdır. Qeyd olunmuşdur ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ailələrinə, o cümlədən müharibə əlillərinə dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən birini məhz şəhid ailələrinin, müharibə veteranlarının, əlillərin sosial müdafiəsinin gücləndirilməsi, onlarla bağlı məsələlərin vaxtında həllinə nail olunması təşkil edir.

Şəhid valideynləri çıxış edərək övladlarının keçdikləri döyüş yolundan söz açmış, onlarla bağlı xatirələrini danışmışlar. Göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə öz minnətdarlıqlarını bildirən şəhid ailələrinin üzvləri onların müraciətlərinə hər zaman  həssaslıqla yanaşıldığını qeyd etmiş, keçirilən bu cür görüşlərin qarşılaşdıqları problemlərin həllində vacib rol oynadığını bildirmişlər.

S.YUNİSOĞLU,

"Azərbaycan"

Seçilən
102
azerbaijan-news.az

1Mənbələr