AZ

Alimlərdən gözlənilməz kəşf: Uzunömürlülük genlərlə bağlıdır...

Qədim ovçu-toplayıcıların DNT-si yüz il yaşamağın sirrini izah edə bilər...

Poliqon xəbər verir ki, alimlər bəzi insanların 100 il və daha uzun yaşamasının səbəbinin insanın qədim əcdadlarından miras qalan genetik xüsusiyyətlərlə bağlı ola biləcəyini müəyyən ediblər. GeroScience elmi jurnalında dərc olunan araşdırmada göstərilib ki, İtaliyada yaşayan yüzyaşlı insanların genomunda Qərbi Avropanın qədim ovçu-toplayıcılarına məxsus genetik materialın payı ümumi əhali ilə müqayisədə daha yüksəkdir.

Bu kəşf ilk dəfə olaraq qədim genetik xəttlə müasir insanlarda uzunömürlülük arasında birbaşa əlaqə yaradır. Tədqiqat çərçivəsində alimlər 333 italiyalı yüzyaşlının genomunu təhlil edərək onları orta yaşı təxminən 50 olan 690 sağlam insanla müqayisə ediblər. Əldə olunan nəticələr daha sonra müasir İtaliya əhalisinin genetik fondunun formalaşmasında rol oynamış dörd qədim qrupun 103 qədim genomu ilə tutuşdurulub.

Bu qruplara Qərbi ovçu-toplayıcılar, Anadoludan gəlmiş neolit dövrü əkinçiləri, Tunc dövrünün köçəri icmaları, eləcə də İranQafqaz bölgələrindən olan qədim populyasiyalar daxil edilib. Müqayisə nəticəsində məlum olub ki, yalnız Qərbi ovçu-toplayıcılara məxsus genetik pay uzunömürlülüklə sıx əlaqəlidir.

Alimlərin hesablamalarına görə, ovçu-toplayıcılardan miras qalan qədim DNT-nin hər kiçik artımı insanın 100 yaşına çatma ehtimalını təxminən 38 faiz artırır. Bu təsirin xüsusilə qadınlarda daha güclü olduğu üzə çıxıb. Belə ki, həmin genetik xüsusiyyətlərin yüksək payına malik qadınlar arasında yüz il yaşayanların sayı iki dəfədən çox olub. Tədqiqatın müəllifləri hesab edirlər ki, bu genetik variantlar İtaliya genofonduna minilliklər əvvəl daxil olub və bu günədək öz təsirini qoruyub saxlayıb.

Araşdırma müəllifləri eyni zamanda bu qədim genlərin uzunömürlülüyə necə töhfə verdiyi ilə bağlı ehtimal irəli sürüblər. Onların fikrincə, son buzlaşma dövründə ovçu-toplayıcıların sağ qalması ekstremal şəraitə, o cümlədən qida çatışmazlığına uyğunlaşmanı tələb edib. Bu uyğunlaşmalar maddələr mübadiləsinin daha səmərəli işləməsinə və immun sisteminin güclənməsinə gətirib çıxarıb.

Alimlər hesab edirlər ki, məhz bu bioloji üstünlüklər müasir dövrdə orqanizmin yaşlanma ilə bağlı stresslərə daha yaxşı tab gətirməsinə kömək edir və bəzi insanlarda qeyri-adi uzun ömürlülüyün əsasını təşkil edir.

Poliqon.info

Seçilən
98
poliqon.info

1Mənbələr