Rusiya Xarici İşlər Nazirliyi NATO ölkələri ilə hüquqi cəhətdən məcburi təhlükəsizlik təminatlarının yalnız qarşılıqlılıq prinsipi əsasında formalaşdırılmasına hazır olduğunu bəyan edib.
Editor.az xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Sputnik-ə açıqlamasında NATO ölkələrinə qarşı hər hansı aqressiv planların olmadığını vurğulayıb.
Qruşko bildirib: “Rusiya Prezidenti Vladimir Putin dəfələrlə NATO ölkələrinə qarşı heç bir aqressiv planımızın olmadığını qeyd edib. Eyni zamanda, qarşılıqlılıq prinsipi əsasında hüquqi baxımdan məcburi təhlükəsizlik təminatlarının yaradılmasına hazırıq”.
Rusiya diplomatının sözlərinə görə, Moskva 2021-ci ilin sonunda ABŞ və NATO-ya təhlükəsizlik təminatları ilə bağlı saziş təklif etsə də Vaşinqton və Brüssel bu təşəbbüsü rədd edib. Qruşko xatırladıb ki, hazırda NATO-nun baş katibi Mark Rutte Rusiyanın Ukraynadan sonra növbəti hədəfinin Avropa ölkələri olduğunu iddia edir.
“Şimali Atlantika Alyansı və onun Avropadakı üzvləri öz addımları ilə bu cür bəyanatları faktiki olaraq təsdiqləyirlər. Onlar ölkəmizə qarşı ‘qaçılmaz’ hesab etdikləri silahlı qarşıdurmaya fəal şəkildə hazırlaşırlar”, – deyə Qruşko vurğulayıb.
Qeyd edək ki, Rusiya Xarici İşlər Nazirliyi 2021-ci ilin sonunda ABŞ və NATO ilə təhlükəsizlik təminatlarına dair saziş layihəsini ictimaiyyətə təqdim etmişdi. Sənəddə alyansın şərqə doğru genişlənməsinin dayandırılması, Kiyevin NATO-ya üzv olmaması, alyansın hərbi qüvvə və silahlarının 1997-ci il mövqelərinə qaytarılması, eləcə də Ukrayna ərazisində hərbi fəaliyyətin dayandırılması kimi şərtlər yer almışdı.
Bundan əlavə, Moskva 2008-ci ildə keçirilən Buxarest NATO sammitində Kiyev və Tbilisinin alyansa üzvlüyünə imkan verən qərardan rəsmi şəkildə imtina olunmasını tələb etmişdi. Lakin 2022-ci ildə ABŞ ilə aparılan danışıqlara baxmayaraq, Rusiya bu təhlükəsizlik təminatlarını əldə edə bilməmişdi.
//Gülnarə Abasova, Editor.az