AZ

Çöllərmi güdürdü, güllərmi bizi?

Kamandar Eyvazlı

Səni
Həkim dostum Fərhad Hüseynova
Hələ neçə illər yada salacaq,
Yazılan dastanlar, nağıllar səni.
Adını hörmətlə xatırlayacaq,
Dərdinə yandığın oğullar səni.

Torpaqda çıçəyin, gülün dilində,
Zirvədə yağışın, selin dilində,
Obanın dilində, elin dilində,
Uzun yaşadacaq sağollar səni.

Kamandar, xəyalım gedir uzağa,
Fikrim sətir-sətir qonur varağa.
Qoymaz bu dünyada unudulmağa,
Zəhmətlə keçdiyin o yollar səni.

...

Məmməd İsmayılın xatirəsinə

Qırıldı qanadım, söndü ümidim,
Xəbəri alınca ay Məmməd əmi.
Adın yaşayacaq, sözün qalacaq,
Bu dünya qalınca ay Məmməd əmi.

Həsrətdən artsa da sevginin yaşı,
Büdrəyib, təntiyib olmadın naşı.
Axşamdan sabaha gözümün yaşı,
Töküldü balınca ay Məmməd əmi.

Kamandar qocalıb, qoca yeriyir,
Arxada ağlayır, üzdə kiriyir.
Ömür yavaş - yavaş sönür, çürüyür,
Gəlirəm dalınca ay Məmməd əmi.

Bizi

Bir ömür əridib yox eləmişik,
Aylarmı qovurdu, illərmi bizi?
Zirvəyə qaldırıb, dərəyə çəkən,
Çaylarmı olurdu, sellərmi bizi?

Düşərdik gəncliyi şirinliyinə,
Gedırdik dağların sərinliyinə.
Hərdən də meşənin dərinliyinə,
Gözlərmi çəkirdi, tellərmi bizi?

Keçmişik nə qədər alovdan, oddan,
Qaçmışıq yalançı sevgidən, addan.
Bəzən gizlənəndə yaxından-yaddan,
Çöllərmi güdürdü, güllərmi bizi?

Sir deyil sirrini kimsə biləndə, 
Kamandar güləcək sən də güləndə.
Bilmirəm ayrılmaq vaxtı gələndə,
Qollarmı tutuldu, əllərmi bizi?

Ürəyim

Çiçəyi saralıb, gülü quruyub,
Torpağı bozaran bağdı ürəyim.
Qaya duruşunda, daş görkəmində,
Ağacsız, meşəsiz dağdı ürəyim.

Budurmu uradan geriyə qalan,
Bu necə yığımdır, bu necə talan?
Əlimi süfrədən aralı salan,
Bəhrəsi olmayan tağdı ürəyim.

Qaynadı, çalışdı, şumladı, əkdi,
Ürəkdə ürəkdi, sinəmdə təkdi.
Yaşadım, canımın dərdini çəkdi,
Nə yaxşı hələ də sağdı ürəyim.

Dəydi
Yenə məhləmizi gəzdi xəyalım,
Səhrafın dükanı gözümə dəydi.
Körpünün üstündə dayanıb durdum,
Lökün soyuq yeli üzümə dəydi.

Köhnə adamlardan varıydı burda,
Bir zaman bu ayda qarıydı, burda.
İndi o kişilər yarıydı burda,
Söz dedim... öz sözüm özümə dəydi.

Kamandar çox dərin dəryada batıb,
Min fikir bir xəyal içində yatıb.
Yeriyə bilmədim bir addım atıb,
Bu dəfə nə dəydi, dizimə dəydi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
84
olaylar.az

1Mənbələr