AZ

Axmaqlıq necə “dahilik” kimi təqdim olunur?

Cəmiyyətlərin ən böyük faciəsi axmaqların mövcudluğu deyil. Ən böyük faciə axmaqlığın yüksək vəzifədə müdriklik kimi qəbul edilməsidir. Tarix bizə dəfələrlə sübut edib: ağıl hər zaman hakimiyyətdə olmur, amma hakimiyyət çox vaxt ağıl zənn edilir. İnsanlar səlahiyyəti zəkanın sübutu kimi oxuyur, kürsünü düşüncənin mənbəyi sanır. Bu isə sadə bir səhv yox, kütləvi şüur fəlakətidir. İnsan psixologiyası təhlükəsizlik axtarır. Güclü olanı qoruyucu, yüksəkdə olanı bilici kimi görmək istəyir. Bu, uşaqlıqdan formalaşan bir refleksdir: ata bilir, müəllim haqlıdır, rəhbər səhv etməz. Bu refleks zamanla ağıl yerinə itaəti gətirir. Stanley Milgramın məşhur təcrübələri göstərdi ki, insanlar ağıl və vicdanlarına zidd olsa belə, səlahiyyət sahibinin göstərişinə əməl etməyə hazırdırlar. Çünki məsuliyyəti düşünməkdən qorxurlar. Axmaq rəhbər burada rahatlıq yaradır: düşünmək lazım deyil, sadəcə inanmaq kifayətdir. Beləcə psixoloji mexanizm işə düşür: “Əgər o bu mövqedədirsə, deməli ağıllıdır.” Bu düşüncə axmağı dahiyə çevirən ilk yalandır. Sokrat Afinada niyə öldürüldü? Çünki o, vəzifə sahiblərinə sual verirdi. Sokrat üçün bilik titulda yox, özünü bilməmək şüurunda idi. O deyirdi: “Mən yalnız onu bilirəm ki, heç nə bilmirəm.” Axmaq isə əksini deyir: “Mən bilirəm, çünki buradayam.” Platon bu təhlükəni görürdü. “Dövlət” əsərində açıq yazırdı: Dövləti filosoflar idarə etməsə, ya da idarə edənlər filosof olmasa, ədalət mümkün deyil. Amma tarix göstərdi ki, filosoflar kənarda qalır, axmaqlar mərkəzə çəkilir. Çünki filosof sual verir, axmaq hökm edir. Sual isə hakimiyyət üçün təhlükəlidir. İslamda buyurulur: "Biz əmanəti göylərə, yerə və dağlara təklif etdik, onlar qorxub qəbul etmədilər. İnsan isə onu yükləndi." Əmanət hakimiyyətdir. Amma problem ondadır ki, bu əmanəti ən çox istəyənlər, ona ən az layiq olanlardır. Hz. Ömər xəlifə olanda ağlayırdı. Çünki bilirdi: məsuliyyət ağırlıqdır. Axmaq isə sevinir. Çünki o, məsuliyyəti güc, gücü isə haqlılıq zənn edir.:Dində firon obrazı təsadüfi deyil. Firon axmaq idi? Xeyr. Amma özünü ilahiləşdirəcək qədər özündən əmin idi. Axmaqlığın ən təhlükəli forması da məhz budur: özünü sorğulamayan zəka. Roma imperatoru Kaligula atını senator etmək istəmişdi. Bu zarafat deyildi bu hakimiyyətin ağlı necə məhv etdiyinin simvolu idi. Orta əsrlərdə krallar “Tanrının kölgəsi” sayılırdı. Verdikləri qərarlar səhv ola bilməzdi. Nəticə? Müharibələr, aclıqlar, milyonlarla ölüm. 20-əsr isə daha acı dərs verdi: kütlələr ağılsız liderləri “xilaskar” adlandırdı. Nitqlər düşüncənin yerini aldı, səs tonları zəkanın əvəzinə keçdi. Tarixdə ən böyük fəlakətlər axmaqların çoxluğu ilə yox, axmaqların müqəddəsləşdirilməsi ilə baş verdi. Axmaq rəhbər təkbaşına hökm edə bilməz. Onu “dahi” edən bir sistem var yaltaqlıq sistemi.
Ağıllı, amma qorxaq insanlar susur.
Orta səviyyəlilər uyğunlaşır.
Axmaqlar isə yüksəlir.
Zamanla həqiqət yox olur, yerini “düzgün görünən yalan” tutur. Axmaq liderin səhvləri plan adlandırılır, tərəddüdü müdriklik kimi təqdim olunur. Cəmiyyət isə nəticəni yox, görüntünü alqışlayır.vAxmaq niyə dahi görünür? Çünki: İnsanlar ağlı dərinlikdə yox, yüksəklikdə axtarır. Kürsü düşüncədən daha inandırıcı görünür. İtaət sualdan daha rahatdır
Amma həqiqət dəyişmir:
Vəzifə insanı ağıllı etmir.
Ağıllı insan vəzifəyə ehtiyac duymur.
Axmaq isə vəzifə olmadan görünməzdir.
Vəzifə axmaqlığı gizlətmir onu böyüdür, parladır və təhlükəli edir. Tarixin ən qaranlıq səhifələri bir cümlə ilə yazılıb: “Hamı elə bilirdi ki, o, dahidir.”
Həsən Nağıyev, filosof
Seçilən
68
news365.az

1Mənbələr