AZ

Vəkillər Kollegiyasının dəstəyi ilə keçirilən ELSA məhkəmə müsabiqəsinin qalibləri müəyyənləşib

Bakı, 19 dekabr, AZƏRTAC

Konstitusiya Məhkəməsində ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının dəstəyi ilə təşkil olunan Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının XI buraxılışının final mərhələsi keçirilib.

Kollegiyadan AZƏRTAC-a verilən məlumata görə, tədbirdə Konstitusiya Məhkəməsinin Aparat rəhbərinin müavini Ziya Qasımov çıxış edərək müsabiqənin tələbələrin hüquqi bilik və praktiki bacarıqlarının formalaşmasında mühüm rol oynadığını vurğulayıb və onlara uğurlar arzulayıb.

Konstitusiya Məhkəməsinin İnsan hüquqları və analitik şöbəsinin müdiri Anar Cəfərov iştirakçılara gələcək fəaliyyətlərində uğurlar diləyib, müsabiqənin insan hüquqlarının müdafiəsi mexanizmlərinə və hüquqi düşüncə mədəniyyətinin formalaşmasına mühüm töhfə verdiyini qeyd edib.

ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov və təşkilatın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Səmayə Abbasquliyeva birgə əməkdaşlıq çərçivəsində keçirilən Avropa İnsan Hüquqları Məhkəməsi Simulyasiyasının əhəmiyyətindən danışıb, yarışın qaydaları barədə məlumat veriblər.

Sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.

Final mərhələsində hakimlər qismində 9 nəfərlik tərkibdə kollegiyanın Aparat rəhbərinin müavini Səttar Məmmədov, kollegiyanın üzvləri - Sevinc Əliyeva, Şəfa Camalzadə, Sadiq Bağırov və Qəndab Fərəcova, habelə hüquqşünaslar Füzuli Cəbrayıllı, Nəzrin Əliyeva, Orxan Bəşirli və Kamil Dəmirli iştirak ediblər.

Həlledici mərhələdə “Aletheia” və “Corpus Delicti” komandaları üz-üzə gəlib. Müsabiqənin nəticələrinə əsasən, “Corpus Delicti” komandasını təmsil edən Bakı Dövlət Universitetinin (BDU) III kurs tələbələri Gülnar Mütəllibova və Zəhra Hüseynova I yerə layiq görülüb, həmçinin “Ən yaxşı memorial (cavabdeh kimi)” nominasiyası üzrə qalib elan olunublar.

“Aletheia” komandasının üzvləri, BDU-nun II kurs tələbələri Aydan Məcidli və Aytac Məmmədova II yeri tutaraq “Ən yaxşı memorial (ərizəçi kimi)” nominasiyasına layiq görülüblər. Eyni zamanda, Gülnar Mütəllibova müsabiqənin “Ən yaxşı natiqi” seçilib.

Sonda Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov çıxış edərək qalib komandaları təbrik edib.Qaliblərə mükafatlar təqdim olunub.

Müsabiqədə iştirak edən hər iki komanda mükafat və sertifikatlarla, qalib komandanın üzvləri isə kuboklarla təltif edilib.

 

Seçilən
50
azertag.az

1Mənbələr