AZ

Elm və musiqi eyni səhnədə: NDU-nun dəvəti ilə Umut Yıldız Naxçıvanda

Naxçıvan, 19 dekabr, AZƏRTAC

Naxçıvan Dövlət Universitetinin (NDU) dəvəti və təşkilatçılığı ilə dünyada məşhur türkiyəli astrofizik alim Umut Yıldız Naxçıvana ilk dəfə səfər edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Umut Yıldız Naxçıvan şəhərindəki Heydər Əliyev Sarayında Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestrinin "Kosmosun səsi" adlı konsert proqramı fonunda səhnədən planetlər və kainat haqqında elmi biliklərini bölüşüb.

Konserti dövlət və hökumət rəsmiləri, deputatlar, Naxçıvan Dövlət Universitetinin professor-müəllim heyəti, tələbələr, ictimaiyyət nümayəndələri, eləcə də bir sıra tanınmış şəxslər izləyiblər.

Elm və incəsənətin vəhdətini əks etdirən konsert proqramını Naxçıvan Dövlət Universitetinin Simfonik Orkestri təqdim edilib. Konsertin bədii rəhbəri və dirijoru Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti, universitetin müəllimi Səməd Əsgərov olub.

Konsert proqramının musiqi hissəsinin əsasını görkəmli ingilis bəstəkarı Qustav Holstun “Planetlər” silsiləsi təşkil edib. Proqram çərçivəsində “Mars – Müharibə gətirən”, “Venera – Sülh gətirən”, “Merkuri – Qanadlı elçi”, “Yupiter – Şadlıq gətirən”, “Saturn – Qocalıq gətirən”, “Uran – Sehrbaz” və “Neptun – Mistik” əsərləri səsləndirilib.

Astrofizik alim Umut Yıldızın təqdimatı ilə keçirilən konsertdə musiqi və kosmik mövzular bir araya gətirilib, dinləyicilərə simfonik musiqinin müşayiəti ilə kainata həsr olunmuş bədii-kompozisiya təqdim edilib. Tədbir iştirakçıları kosmosun az tanınan tərəfləri ilə bağlı elmi izahları dinləyib və real təcrübələrə əsaslanan maraqlı məlumatlar əldə ediblər.

“Kosmosun səsi” adlı konsert proqramı elmi biliklərin musiqi dili vasitəsilə geniş auditoriyaya çatdırılmasını, xüsusilə gənclərdə elmə və klassik musiqiyə marağın artırılması ilə yadda qalıb.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxışında xüsusi əhəmiyyət kəsb edən tədbiri elm və mədəniyyətin vəhdəti kimi qiymətləndirib. O, muxtar respublika sakinləri üçün belə tədbirlərin intellektual və mədəni inkişaf baxımından önəmini vurğulayıb.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Umut Yıldızın ilk dəfə Naxçıvana səfərini əlamətdar hadisə kimi qiymətləndirib. Rektor bu kimi görüşlərin tələbələrin dünyagörüşünün genişlənməsinə və araşdırmaya marağın formalaşmasına mühüm töhfə verdiyini vurğulayıb. Elbrus İsayev Simfonik Orkestrinin çıxışını yüksək dəyərləndirib və Umut Yıldıza dəyərli bilik və təcrübələrini Naxçıvan ictimaiyyəti ilə bölüşdüyünə görə təşəkkür edib.

Qeyd edək ki, Umut Yıldız Ankara Universitetinin astronomiya və kosmos elmləri ixtisası üzrə ali təhsil alıb, Niderlandın Groningen Universitetində magistratura, Leiden Universitetinin Leiden Observatoriyasında isə doktorantura təhsilini başa vurub. Alim uzun illər NASA-nın Reaktiv Sürət Laboratoriyasında çalışıb, hazırda Orta Doğu Texniki Universitetində fəaliyyət göstərir.

 

Seçilən
116
2
azertag.az

3Mənbələr