AZ

Rəqəmsal müqavilələr və elektron imza ilə bağlanan razılaşmaların hüquqi qüvvəsi praktikada hansı problemlər yaradır?

Bakı, 19 dekabr, AZƏRTAC

Rəqəmsal müqavilələr və elektron imza ilə bağlanan razılaşmaların hüquqi qüvvəsi Azərbaycan Respublikasında normativ hüquqi baxımdan tanınsa da, onların praktik tətbiqi klassik müqavilə hüququ prinsipləri ilə rəqəmsal mexanizmlərin uzlaşdırılması baxımından bir sıra ciddi hüquqi çətinliklər yaradır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında vəkil Roman Qaraşov deyib.

O bildirib ki, Azərbaycan Respublikasının “Elektron imza və elektron sənəd haqqında” Qanununa, eləcə də Mülki Məcəllənin yazılı forma və müqavilənin bağlanmasına dair müddəalarına əsasən, qanunvericiliyin tələblərinə uyğun yaradılmış elektron sənəd və gücləndirilmiş elektron imza hüquqi nəticələrinə görə kağız daşıyıcısında tərtib edilmiş və fiziki-əl imzası ilə təsdiqlənmiş sənədlərə bərabər tutulur.

“Bununla belə, hüquq tətbiqi təcrübəsində əsas problemlərdən biri müqavilə hüququnun fundamental elementi olan tərəfin iradəsinin azad və şüurlu şəkildə ifadə olunmasının sübut edilməsidir. Elektron imza mexanizmi texniki autentifikasiya-eyniləşdirmə vasitələrinə əsaslandığından, imzanın konkret fiziki və ya hüquqi şəxsə məxsusluğunun müəyyən edilməsi, imzanın atıldığı anda imza sahibinin elektron imza vasitəsinə faktiki nəzarət edib-etməməsi, eləcə də müqavilə məzmunu ilə real tanış olub-olmaması məhkəmə mübahisələrində tez-tez mübahisə predmeti olur. Xüsusilə elektron imza daşıyıcılarının üçüncü şəxslər tərəfindən istifadə edilməsi, identifikasiya məlumatlarının lazımi səviyyədə qorunmaması və ya texniki nasazlıqlar müqavilənin etibarlılığına dair şübhələr yaradır, sübutetmə yükünü ağırlaşdırır və hüquqi müəyyənliyin zəifləməsinə səbəb olur. Digər tərəfdən, rəqəmsal müqavilələrin getdikcə artan transsərhəd xarakteri elektron imzaların qarşılıqlı tanınması, tətbiq olunacaq hüququn və yurisdiksiyanın müəyyən edilməsi baxımından əlavə problemlər yaradır. Beynəlxalq təcrübədə Avropa İttifaqının eIDAS Reqlamenti, ABŞ-da ESIGN Act və Uniform Electronic Transactions Act (UETA) elektron müqavilələrin hüquqi qüvvəsini təmin etsə də, bu mexanizmlər əsasən regional və milli xarakter daşıyır. Nəticədə bir dövlətdə hüquqi qüvvəyə malik olan elektron imzanın digər yurisdiksiyada tanınmaması riski qalır ki, bu da beynəlxalq kommersiya müqavilələrinin icrası zamanı hüquqi qeyri-müəyyənlik yaradır. Eyni zamanda, beynəlxalq praktikada geniş yayılmağa başlayan “smart contract” modelləri klassik müqavilə hüququ institutları – müqavilənin dəyişdirilməsi, ləğvi və fors major halların tətbiqi – ilə tam uzlaşmır. Avtomatik icra olunan kodda baş verən texniki səhvlərin hüquqi nəticələrinin kimə aid edilməsi, eləcə də insan iradəsi ilə alqoritmik icra arasında balansın necə qorunacağı məsələləri həm milli, həm də beynəlxalq hüquqi doktrinada hələ tam həllini tapmamışdır”, - deyə o diqqətə çatdırıb.

R.Qaraşovun sözlərinə görə, xarici təcrübə nəzərə alınmaqla ilk növbədə Azərbaycan qanunvericiliyində elektron imza ilə bağlı sübutetmə mexanizmlərinin daha detallı şəkildə tənzimlənməsi, xüsusilə imza sahibinin iradəsinin prezumpsiyası və onun təkzibi halları üzrə aydın meyarların müəyyən edilməsi məqsədəuyğundur: “İkincisi, Avropa İttifaqının eIDAS modelinə uyğun olaraq, elektron imzaların növləri və onların hüquqi nəticələri arasında daha dəqiq fərqləndirmə aparılmalı, məhkəmə təcrübəsi üçün vahid metodoloji yanaşmalar formalaşdırılmalıdır. Üçüncüsü, transsərhəd elektron müqavilələrin hüquqi təhlükəsizliyini təmin etmək məqsədilə elektron imzaların qarşılıqlı tanınmasına dair beynəlxalq və regional sazişlərdə iştirak genişləndirilməli və milli sertifikatlaşdırma sisteminin beynəlxalq inteqrasiyası gücləndirilməlidir. Nəhayət, “smart müqavilə”lərin hüquqi statusunun müəyyən edilməsi üçün Mülki Məcəllədə və xüsusi qanunvericilik aktlarında əlavə tənzimləmələrin nəzərdə tutulması, avtomatlaşdırılmış icra mexanizmlərinin hüquqi məsuliyyət çərçivəsinin aydınlaşdırılması rəqəmsal müqavilələrin hüquqi qüvvəsinin praktikada daha effektiv və etibarlı təmin olunmasına xidmət edərdi”.

Seçilən
104
azertag.az

1Mənbələr