AZ

Avropa İttifaqı Ukraynaya yardım üçün 90 milyard avro kredit cəlb edir

Budapeşt, 19 dekabr, AZƏRTAC

Macarıstan Ukrayna məsələsində veto hüququndan istifadə etmədi və beləliklə Avropa İttifaqı Ukraynanın maliyyə dəstəyi ilə bağlı mühüm qərar qəbul edə bildi.

AZƏRTAC xəbər verir ki, Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçıları Rusiyaya məxsus dondurulmuş aktivlərin istifadəsi ilə bağlı razılığa gələ bilmədikdən sonra alternativ variantı – ümumi kredit mexanizmini seçiblər.

Razılaşmaya əsasən, Aİ Ukraynanın 2026–2027-ci illər üzrə maliyyə ehtiyaclarını qarşılamaq üçün 90 milyard avro məbləğində ümumi kredit götürəcək və bu vəsait Kiyevə faizsiz şəkildə təqdim olunacaq.

Kredit mexanizmində Macarıstan, Çexiya və Slovakiya iştirak etməyəcək. Bunun müqabilində bu ölkələr veto hüquqlarından imtina ediblər və beləliklə qərarın yekdilliklə qəbuluna imkan yaranıb. Aİ bildirir ki, gələcəkdə kreditin geri ödənilməsi Rusiyanın ödəməli olduğu təzminatlar hesabına həyata keçirilə bilər, əks halda dondurulmuş Rusiya aktivlərindən istifadə hüququ saxlanılır. Bu qərar Ukraynanın yaxın iki ildə maliyyə sabitliyinin təmin olunması baxımından həlledici hesab olunur.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Budapeşt

Seçilən
97
azertag.az

1Mənbələr