“Artıq akvakultura torpaqları kənd təsərrüfatı torpaqları hesab olunur”.Metbuat.az-ın məlumatına görə, bunu Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan “Balıqçılıq və Akvakultura Mərkəzi”nin direktoru Ceyhun Əliyev “Azərbaycanda balıqçılıq siyasəti, 2025-ci ildə balıqçılıq sahəsində görülən tədbirlər” mövzusunda keçirilən mətbuat konfransında bildirib. O qeyd edib ki, ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur. Həmin təsərrüfatların ilkin uçotunun aparılması üzrə işlər görülür:“Balıqçılıq, xüsusən də akvakultura sahəsi uzun illər kənd təsərrüfatına aid edilməyib. Bu səbəbdən kənd təsərrüfatı üçün nəzərdə tutulan vergi güzəştləri və dövlət dəstəyi mexanizmləri bu sahəyə şamil olunmayıb. Balıqçılıq fəaliyyətinin kənd təsərrüfatı məhsullarının istehsalı və emalı sahəsinə aid edilməsi, həmçinin bu istiqamətdə vergi tənzimləmə mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı əsaslandırılmış təkliflər hazırlanaraq aidiyyəti dövlət orqanlarına təqdim edilib.Balıqçılıq, o cümlədən akvakultura sahəsində dövlət dəstəyinin məqsədyönlü təşkili üçün Nazirlik tərəfindən müvafiq layihə hazırlanıb və razılaşdırılması məqsədilə aidiyyəti qurumlara göndərilib. Hədəfimiz balıqçılıq və akvakultura sahəsinin də subsidiyalardan yararlanmasını təmin etməkdir”.Sevinc İbrahimzadə / Metbuat.az