AZ

Prokurorun Ruben Vardanyana ömürlük həbs cəzası tələbi sırf hüquqi kontekstdə nəzərdən keçirilməlidir – hüquq elmləri doktoru

Bakı, 19 dekabr, AZƏRTAC

Prokurorun Ruben Vardanyana ömürlük həbs cəzası tələbi siyasi deyil, sırf hüquqi baxımdan nəzərdən keçirilməlidir. Söhbət istintaqın materiallarına görə, Azərbaycan ərazisində qanunsuz silahlı qrupların maliyyələşdirilməsində, təşkilati və siyasi dəstəyində birbaşa iştirak edən şəxsdən gedir. Bu hərəkətlər dövlət təhlükəsizliyinə və ölkənin ərazi bütövlüyünə qarşı ağır cinayətlər kimi qiymətləndirilir.

Bu barədə AZƏRTAC-a hüquq elmləri doktoru, professor, fövqəladə və səlahiyyətli səfir, ikinci dərəcəli dövlət müşaviri Namiq Əliyev sülh və insanlıq əleyhinə cinayətlərdə, hərbi cinayətlərdə, terrorizmdə və terrorizmin maliyyələşdirilməsində, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş digər ağır cinayətlərdə ittiham olunan Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmə prosesini şərh edərək bildirib.

“Məhkəmə prosesinin Azərbaycan Respublikasının milli qanunvericiliyi çərçivəsində və prosessual normalara riayət etməklə aparıldığını vurğulamaq vacibdir. Maksimal cəza tələbi siyasi mülahizələri deyil, irəli sürülən ittihamların ağırlığını və Vardanyanın ittiham olunduğu əməllərin nəticələrinin miqyasını əks etdirir. Bu məhkəmə prosesini “siyasi təqib” kimi təqdim etmək cəhdləri tamamilə əsassızdır. Azərbaycan Vardanyanın hərəkətlərini onun siyasi baxışlarının və ya etnik mənsubiyyətinin təzahürü kimi deyil, dövlətin suverenliyinə xələl gətirməyə yönəlmiş konkret qanunsuz əməllər kimi qəbul edir. Beynəlxalq təcrübədə qanunsuz silahlı qrupları dəstəkləməkdə iştirak edən şəxslər analoji məsuliyyət daşıyırlar”, - deyə agentliyin həmsöhbəti qeyd edib.

Məhkəmə prosesinin əhəmiyyətli presedent əhəmiyyətinə malik olduğunu vurğulayan Namiq Əliyev deyib: “Bu nümayiş etdirir ki, təqsirləndirilən şəxslərin statusundan, maliyyə imkanlarından və ya beynəlxalq əlaqələrindən asılı olmayaraq, Azərbaycan münaqişə zamanı törədilən cinayətlərə görə cəzanın qaçılmazlığı prinsipini ardıcıl olaraq tətbiq edir”.

Seçilən
125
azertag.az

1Mənbələr