AZ

Əməkdar incəsənət xadimi İmruz Əfəndiyevanın 90 illiyik yubileyi qeyd edilib

Bakı, 19 dekabr, AZƏRTAC

Görkəmli musiqişünas, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə elmlər doktoru, Prezident təqaüdçüsü, professor İmruz Əfəndiyevanın 90 illiyinə həsr olunan yubiley tədbiri keçirilib.

Bu barədə AZƏRTAC-a Azərbaycan Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, tədbirdə çıxış edən Bəstəkarlar İttifaqının sədri, Xalq Artisti, AMEA-nın müxbir üzvü, professor Firəngiz Əlizadə İmruz Əfəndiyevanın Azərbaycan musiqişünaslıq elminin tədqiqi və təbliğindəki səmərəli fəaliyyətindən söhbət açıb.

O, görkəmli musiqişünasın milli musiqişünaslığın aktual məsələlərinə dair çoxsaylı monoqrafiyaların, topluların və elmi məqalələrin müəllifi olduğunu qeyd edib. “İmruz Əfəndiyevanın bəstəkar və ifaçılar - Oqtay Zülfüqarov, Emin Sabitoğlu, Vasif Adıgözəlov, Sevda İbrahimova, Telman Hacıyev, Rəşid Behbudov və başqalarının yaradıcılığı ilə bağlı monoqrafiyaları tədqiqatçılar tərəfindən böyük rəğbətlə qarşılanır. İ.Əfəndiyeva 1968-ci ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Hazırda Ağsaqqallar Şurasının üzvü və “Uşaq musiqisi” bölməsinin sədridir. O, İttifaqda keçirilən tədbirlərdə, konfranslarda və dəyirmi masalarda fəal iştirak edir”,-deyə F.Əlizadə əlavə edib.

Tədbirdə Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi, professor Elnara Dadaşovanın “İmruz Əfəndiyevanın yaradıcılıq fəaliyyətində uşaq musiqisinin problemlərinə münasibət”, Əməkdar müəllim, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” kafedrasının müdiri, professor Könül Nəsirovanın "Şərəfli ömrün anları”, Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə elmlər doktoru, dosent Leyla Zöhrabovanın “İmruz Əfəndiyevanın tədqiqatlarında elmi axtarışlar”, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Mehparə Rzayevanın "İmruz Əfəndiyeva – 90: Elmin fədaisi" mövzularında məruzələri dinlənilib.

Yubilyara Azərbaycan Bəstəkarlar İttifaqı və “Mirzə İbrahimov irsinin qorunması və təbliği Fondu”nun rəhbərliyi adından təbrik ünvanı təqdim olunub.

Tədbirin bədii proqramla davam edib.

Seçilən
44
azertag.az

1Mənbələr