AZ

"Avropa Parlamentinin qətnaməsini pisləmirəm" - Sahib Alıyev

"Bu qurum yenə öz ampluasındadır və mən bu qətnaməni pisləmirəm, çünki pisləmək onları ciddi almaq demək olardı. Sadəcə qətiyyətlə rədd edirəm. Avropa Parlamentinin bu qətnaməsindən danışılarkən ikili standartlardan söz salınır. Mən fikirləşmirəm ki, burda ikili standart var. Ümumiyyətlə, bu siyasi korrupsionerlər, agentlər, islamofoblar yığnağında hər hansı bir standart yoxdur".

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü plenar iclasında deputat Sahib Alıyev dedi.

"Mən fikirləşmirəm ki, Avropa Parlamentinin bu qətnaməsi məhz Ermənistanın maraqlarına cavab verir, ümumiyyətlə, bu qurum Ermənistanın maraqlarından çıxış edir. Əgər Ermənistanın maraqlarından çıxış etmiş olsaydı, onda Ermənistan Baş naziri bildirir ki, Qarabağ problemi, Qarabağ hərəkatı onun ölkəsinin boynuna dolanmış kəndir idi ki, müstəqil siyasət yeridə bilməsin. Və o yükdən azad olduqdan sonra Ermənistan müstəqil siyasət yeritməyə başlayır.
Elə isə nədən bu parlament sülh gündəliyini dəstəkləmək əvəzinə bu cür addımlara gedir? Və nə üçün bilə-bilə ki, Ermənistandakı hazırkı proses - yəni kilsə-hakimiyyət qarşıdurması orada qütbüləşmə yarada-yarada səsini içinə salaraq durur?", - deyə o vurğuladı.

Millət vəkilinin sözlərinə görə, Avropa Parlamentinin bu qətnaməsindən sonra ordakı azadlığı tələb olunan şəxslər var, ola bilər cəmiyyətdə kimlərdəsə onlara qarşı irəli sürülən ittihamlarla bağlı müəyyən şübhələr var, bu şübhələr də tamamilə qaldırılır:

"Çünki əgər bir parlament Azərbaycan torpaqları işğaldan azad olunanda, Azərbaycan öz torpaqları üzərində suverenliyini tam təmin edəndə bizə yanaşmada o cür düşməncəsinə qiymətləndirilə biləcək qətnamələr qəbul etmişdisə, deməli, onun dəstəklədikləri də bizim dövlətimizə yanaşmada məhz həmin o düşməncəsinə siyasət yeridən çevrələrin xidmətindədir ki, onların azadlığı tələb olunur. Necə ki, Xankəndidəki xunta rejiminin, terrorçu rejimin təmsilçilərinin azadlıqları eyni məntiqə dayanaraq, belə deyək, tələb olunub.

Əgər Avropa Parlamentini doğrudan da azacıq da olsa insan haqları maraqlandırsaydı, onda bizim yolumuzda vuruşurlar dedikləri və bu hala gətirib saldıqları ukraynalılarla bağlı Avropa dövlətlərində ki, artıq təzyiqlər başlayıb, buna qarşı səsini qaldırardılar. Amma biz qətiyyən bunu görmürük.

Mən bütün bunlara çox təbii baxıram və fikirləşmirəm ki, bu Azərbaycana qarşıdır. Çünki Azərbaycan bu cür qətnamələr çox görüb. Bu beynəlxalq normalara qarşıdır, bu regionda sülhə qarşıdır, bu bütövlükdə Avropa İttifaqının özünün regiondakı maraqlarına qarşıdır. Bir daha deyirəm ki, qətiyyətlə mən bu qətnaməni rədd edirəm".

Aminə ŞAHSUVARQIZI

Seçilən
53
redaktor.az

1Mənbələr