AZ

Onlayn satış və sosial şəbəkələr vasitəsilə narkotiklərin yayılması cəmiyyət üçün yeni çağırışlar yaradır

Bakı, 19 dekabr, AZƏRTAC

Son illərdə narkotiklərin yayılması və istifadəsi dünya miqyasında ciddi sosial və sağlamlıq problemi olaraq qalır. Xüsusilə internet və onlayn platformaların geniş yayılması bu problemin yeni, daha çətin nəzarət olunan formasını ortaya çıxarıb. Onlayn vasitələrlə narkotik satışı həm satış prosesini asanlaşdırır, həm də alıcıların anonimliyini təmin edir. Nəticədə cəmiyyət üçün yeni çağırışlar yaranır. Bu vəziyyət gənclər və yeniyetmələr arasında maarifləndirmə və profilaktik tədbirlərin vacibliyini daha da artırır.

Onlayn satış və sosial şəbəkələr vasitəsilə narkotiklərin yayılması dövründə dövlət və cəmiyyət hansı yeni strategiyalar tətbiq etməlidir ki, ən çox risk altında olan qruplar qorunsun?

Narkomaniya üzrə ekspert Emil Maqalov AZƏRTAC-a açıqlamasında bu barədə fikirlərini bölüşüb.

O qeyd edib ki, son 5-6 ildə narkotiklərin onlayn vasitələrlə satışı geniş yayılıb. Onlayn platformalar vasitəsilə satışın asanlaşması, həmçinin narkotiklərin tərkibində edilən dəyişikliklər bu tendensiyanı gücləndirib. Bu gün dövriyyədə olan narkotik əsasən kimyəvi tərkibli metanfetamindən ibarətdir ki, bu maddə insan sağlamlığı üçün son dərəcə təhlükəlidir. Maddənin istifadəsi və satışının qadağan olunmasına baxmayaraq, bir çox ölkələrdə gecə-gündüz aparılan mübarizəyə rəğmən insanlar onlayn satışla məşğul olmağa davam edirlər.

Ekspert deyib: “Təəssüf ki, bu maddələrin satışının qarşısını almaq təkcə Azərbaycanda deyil, dünyanın heç bir yerində tam mümkün olmayıb. Buna baxmayaraq, gənclər və yeniyetmələr üçün mütəmadi təlimlər keçirilir, həm maarifləndirmə, həm də qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir”.

Seçilən
58
azertag.az

1Mənbələr