AZ

Ermənistan üzərindən təsir oyunu: Parisin planları niyə nəticə verməyəcək?

Cənubi Qafqazda formalaşan yeni geosiyasi reallıqlar fonunda bəzi Qərb dövlətlərinin regiona yönəlik fəallığı diqqət çəkir. Xüsusilə Fransa rəhbərliyinin Ermənistanla bağlı atdığı addımlar, ekspertlər tərəfindən həm seçkiöncəsi siyasi manevr, həm də bölgədə təsir imkanlarını genişləndirmək cəhdi kimi qiymətləndirilir. Mütəxəssislər hesab edirlər ki, bu cür təşəbbüslər regional güc balansını dəyişmək gücündə deyil.

Beynəlxalq məsələlər üzrə şərhçi Cavanşir Abbaslı Editor.az-a açıqlamasında bildirib ki, Fransa 44 günlük Vətən müharibəsindən sonra yaranmış reallıqları hələ də qəbul edə bilmir və bu səbəbdən regionda vəziyyəti süni şəkildə gərginləşdirməyə çalışır:

“Fransa Prezidenti Emmanuel Makron Cənubi Qafqazın aparıcı ölkəsinin Ermənistan deyil, Azərbaycan olmasını həzm edə bilmir. Bu səbəbdən də Paris müxtəlif vasitələrlə “suyu bulandırmağa” cəhd göstərir. Ermənistanda gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərinə qədər bu tip razılaşmaların və sazişlərin şahidi olacağıq. Çünki baş nazir Nikol Paşinyanın əsas məqsədi həmin seçkilərdə qələbə qazanmaqdır. Bunun üçün o, imitasiya xarakterli addımlara əl atır”.

Cavanşir Abbaslı vurğulayıb ki, Fransa Ermənistanı yenidən dirçəltməklə bölgədə gərginlik yaratmaq və Cənubi Qafqazda təsir dairəsini genişləndirmək niyyətindədir:

“Bu cür sazişlərə imza atmaqla Paris Ermənistan üzərindən regionda mövqelərini möhkəmləndirməyə çalışır. Lakin Fransa Ermənistanın təhlükəsizliyini tam şəkildə üzərinə götürə bilməz. Buna ilk növbədə Rusiya imkan verməz. Ermənistanın Gümrü şəhərində Rusiyaya məxsus 102-ci hərbi baza fəaliyyət göstərir və bu faktor təhlükəsizlik məsələlərində Moskvanın rolunu həlledici edir.

Paşinyan nə qədər yayınmağa çalışsa da, reallıq ondan ibarətdir ki, Ermənistanın təhlükəsizliyinə daha çox Rusiya nəzarət edir. Bu baxımdan Azərbaycanın narahat olmasına heç bir əsas yoxdur. Ermənistan nə qədər müqavilələr bağlasa da, sonda ona havadarlıq edənlər bu prosesdən yorulacaqlar”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
89
editor.az

1Mənbələr