AZ

Azərbaycan məktəblərində distant təhsil - Kimlər üçün keçərlidir? -AÇIQLAMA

Azərbaycanın təhsil sistemində distant təhsilin tətbiqi gündəmdədir. Təhsil naziri Emin Əmrullayev bildirib ki, bu model xüsusilə müəyyən sahələr üzrə effektiv mexanizm kimi nəzərdən keçirilə bilər. Onun sözlərinə görə, distant təhsil ənənəvi təhsili əvəzləmək yox, onu tamamlayan forma kimi tətbiq oluna bilər. Nazir vurğulayıb ki, bu istiqamətdə beynəlxalq təcrübə və texnoloji imkanlar araşdırılır. Məsələ ilə bağlı müvafiq normativ və texniki şərtlərin formalaşdırılması planlaşdırılır.

Mövzu ilə bağlı Missiya.Az-a açıqlama verən təhsil eksperti İlqar Orucov bildirib ki, cənab nazir məktəblərin optimallaşdırılması ilə bağlı müvafiq addımların atılacağını qeyd edib:

"Bu çərçivədə ucqar ərazilərdə şagird sayı az olan siniflər üçün distant tədris metoduna keçidin mümkünlüyü nəzərdən keçirilir. Qeyd edilib ki, bu yanaşma bütün məktəbləri əhatə etməyəcək, yalnız təhsilə əlçatanlığın məhdud olduğu məktəblərə şamil olunacaq. Şagird sayı az olan siniflərdə distant təhsil modelinin tətbiqi planlaşdırılır və bunun bir sıra müsbət tərəfləri var. Bu, təhsilin əlçatanlığını təmin etməklə yanaşı, ucqar kənd məktəblərində müşahidə olunan müəllim çatışmazlığı və digər problemlərin həllinə də töhfə verə bilər. Eyni zamanda, gediş-gəlişi çətin olan, yaxınlığında məktəb mövcud olmayan yaşayış məntəqələri üçün bu modelin tətbiqi məqsədəuyğun hesab edilir".

Ekspert qeyd edib ki, bu yanaşmanın kütləvi xarakter almaması vacib sayılır:

"Əgər sinifdə şagird sayı normaya uyğundursa, həmin məktəbdə distant tədrisə keçidə ehtiyac qalmır. Çünki ənənəvi tədrisi tam əvəz edə biləcək alternativ təhsil forması yoxdur. Lakin ehtiyac və zərurət yarandığı halda bu addımın atılması Təhsil Nazirliyinin müsbət təşəbbüslərindən biri kimi dəyərləndirilə bilər. Distant təhsilin mümkün risklərinə gəldikdə isə əsas məsələ kommunikasiya və texniki imkanlarla bağlıdır. Məlumata görə, artıq ucqar kəndlərin əksəriyyətində internet mövcuddur. Zərurət yaranacağı təqdirdə dövlət və özəl qurumlar tərəfindən internet provayder xidmətlərinin göstərilməsi mümkündür. Bununla yanaşı, distant təhsil üçün müvafiq texniki avadanlıqların — planşetlər, noutbuklar və digər vasitələrin təminatı vacibdir. Bu məsələlər həll olunduğu halda əlavə ciddi risklərin yaranacağı gözlənilmir",- deyə o bildirib.

"Digər risklərdən biri isə şagirdlərin sosiallaşma imkanlarının məhdudlaşmasıdır. Lakin nəzərə almaq lazımdır ki, bir sinifdə cəmi 2–3 şagirdin olması sosiallaşma baxımından artıq məhdud mühit yaradır. Bununla belə, komanda işi və sosial bacarıqların formalaşması baxımından ənənəvi təhsil modeli distant təhsili tam şəkildə əvəz edə bilməz",- təhsil eksperti əlavə edib.

Seyranə QuliyevaMissiya.Az

Seçilən
75
missiya.az

1Mənbələr