Məktəbli qız müəlliməsini intim xidmət saytına yerləşdirib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. 13 yaşlı şagirdin etdiyi əməl anasına baha başa gəlib, məhkəmə 300 min rubl cərimə kəsib.
Məlumata görə, hadisə Rusiyanın Nijniy Tagil şəhərində baş verib. 13 yaşlı məktəbli qız müəlliməsindən qisas almaq qərarına gəlib.
O, müəllimənin adından intim tanışlıq saytında anket yaradıb, onun fotolarını yerləşdirib, təhrikedici ləqəb seçib və “gecə üçün kişi axtardığını” qeyd edib.
Tezliklə müəllimənin bu “yeni hobbisi” barədə hamı – qohumları, həmkarları, şagirdlər və onların valideynləri, eləcə də məktəb rəhbərliyi xəbər tutub. Məsələ araşdırılarkən izin 13 yaşlı şagirdə gedib çıxdığı məlum olub.
Yaşı az olduğu üçün məktəbli barəsində cinayət işi açılmayıb. Lakin müəllimə mənəvi zərər tələbi ilə məhkəməyə müraciət edib.
Məhkəmə qızın anasının müəlliməyə 300 min rubl (təxminən 5100 manat) məbləğində təzminat ödəməsi barədə qərar çıxarıb.
Xuraman Etibarlı
İnterpress.az