AZ

Rektor: Həkimlər imtahan vermədən, beş il ərzində tələb olunan kredit ballarını toplayaraq sertifikatlarını əldə edə biləcəklər

Bakı, 19 dekabr, AZƏRTAC

Qarşıda Həkimləri Təkmilləşdirmə İnstitutunu daha böyük və daha iddialı hədəflər gözləyir. Bu hədəflərə çatmaq üçün institut olaraq əlimizdən gələni etməyə tam hazırıq. Beynəlxalq akkreditasiyaya uyğun tədris proqramlarının təkmilləşdirilməsi, təkmilləşmə proqramları üzrə yeni modulların yaradılması, elmi reytinqlərdə yüksək nailiyyətlərin əldə edilməsi və institutumuzun beynəlxalq əlaqələrinin genişləndirilməsi əsas prioritetlərimiz sırasındadır. Bu məqsədlərə mərhələli şəkildə nail olacağımızı ümid edirəm.

AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Səhiyyə Nazirliyi Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru Nazim Pənahov deyib.

O qeyd edib ki, institutda həkimlərin davamlı tibbi təhsili uğurla həyata keçirilir. “Qarşıda bizi daha geniş dəyişikliklər gözləyir. Bildiyiniz kimi, parlament səviyyəsində müvafiq qanun qəbul edilib və artıq həkimlərin sertifikasiyadan keçməsi davamlı tibbi təhsil qaydalarına uyğun olaraq həyata keçirilir. Belə ki, həkimlər beş il ərzində topladıqları kredit ballarına əsasən sertifikasiyadan keçirlər. Bu yeniliklər Səhiyyə Nazirliyi tərəfindən dəstəklənir və həkimlərimiz üçün daha geniş inkişaf imkanları yaradır. Nəticə etibarilə, həkimlər imtahan vermədən, beş il ərzində tələb olunan kredit ballarını toplayaraq sertifikatlarını əldə edə biləcəklər”,-deyə rektor vurğulayıb.

 

Seçilən
46
azertag.az

1Mənbələr