Tanınmış təhsil eksperti Kamran Əsədov və onun tanışı hazırlıq kursu rəhbəri olan Gündüz Abbasovun məhkəməsi başlayıb.
NOCOMMENT.az xəbər verir ki, cinayət işi üzrə təqsirləndirilən şəxslər Gündüz Abbasov və Kamran Əsədovun barəsində məhkəmə iclası Gəncə Şəhər Məhkəməsində keçirilir.
Qeyd edək ki, abituriyent hazırlıq kursu qismində fərdi sahibkarlıqla məşğul olan şəxs və təhsil ekspertinin buraxılış imtahanlarının gedişində abituriyentlərə testləri cavablandırmağa kömək etmək məqsədilə gizli qaydada informasiya alınması (ötürülməsi) üçün nəzərdə tutulan texniki vasitələri qanunsuz olaraq hazırlamasına, həmin texniki vasitələri ümumilikdə 15 nəfərin üzərinə quraşdırmaqla imtahanlarda onlara köməklik göstərmələrinə əsaslı şübhələr müəyyən edilib. Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən şəxslər məhkəmə qarşısına çıxarılıb.
Toplanmış sübutlara əsasən, təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 302.3 (gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələri qanunsuz olaraq satma və satış məqsədilə əldə etmə), və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə kurs rəhbəri barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs, təhsil eksperti barədə isə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri seçilib