Bakı, 19 dekabr, AZƏRTAC
“Sabah” “Qarabağ”a qalib gələrək Premyer Liqada çempionluq yolunda böyük addım atdı.
Bu sözləri AZƏRTAC-a açıqlamasında AFFA-nın texniki direktoru vəzifəsində çalışan Cahangir Həsənzadə Misli Premyer Liqasında I turdan təxirə salınmış “Sabah” – “Qarabağ” görüşü (2:1) ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu nəticəni gözlənilməz hesab etmək düzgün olmaz: “Son qarşılaşmalar göstərir ki, “Qarabağ” artıq “Sabah” üzərində asan qələbələr qazanmır. Bu kollektivlər arasındakı oyunlar adətən gərgin mübarizə şəraitində keçir. Ötən mövsüm Azərbaycan Kubokunun finalında da Ağdam təmsilçisini məğlub etmişdilər. Bakılılar “Qarabağ”a qarşı görüşlərdə hər zaman daha motivasiyalı və istəkli çıxış edirlər”.
“Qarabağ”ın sabiq qapıçısı keçmiş komandasının hazırkı vəziyyətinə də toxunub: “Komanda eyni vaxtda həm ölkə çempionatında, həm də UEFA Çempionlar Liqasında mübarizə aparır. Bu isə heyətdə rotasiyaların edilməsinə səbəb olur. Belə məqamda güclü və iddialı rəqibə qarşı bütün gücü ortaya qoymaq çətinləşir. Qış fasiləsindən sonra isə hər iki komandanın iştirakı ilə daha gərgin və maraqlı qarşılaşmalar izləyəcəyimizi düşünürəm”.
Qeyd edək ki, bu nəticədən sonra “Sabah” turnir cədvəlində 34 xalla liderliyə yüksəlib, 33 xalı olan “Qarabağ” isə ikinci pilləyə enib.