AZ

Növbədə niyə dayana bilmirik? - AÇIQLAMA

Gündəlik həyatın ən xırda detallarında belə cəmiyyətin mədəni səviyyəsi aydın şəkildə özünü göstərir. İctimai nəqliyyatda, banklarda, dövlət qurumlarında və ya mağazalarda insanların növbəyə necə riayət etməsi əslində təkcə davranış məsələsi deyil, eyni zamanda formalaşmış sosial şüurun və ictimai məsuliyyətin göstəricisidir. Növbə mədəniyyəti olan cəmiyyətlərdə qayda-qanun zorla deyil, daxili qəbul və vərdiş hesabına qorunur.

Məsələ ilə bağlı sosioloq Mail Yaqub Missiya.Az-a açıqlamasında deyib ki, növbə mədəniyyəti hər bir toplumun ümumi mədəni səviyyəsini əks etdirən vacib göstəricilərdən biridir:

"Bu mədəniyyəti formalaşdırmaq üçün əsas alət cərimə və ya polis nəzarəti deyil, uzunmüddətli və sistemli təbliğat olmalıdır. Çünki bu, hüquqi yox, davranış və şüur məsələsidir. İnsanlar məcbur olduqları üçün deyil, doğru olduğuna inandıqları üçün növbəyə riayət etməlidirlər. Bu istiqamətdə çəkilən seriallar, filmlər, sosial çarxlar və reklamlar xüsusi rol oynaya bilər. İnsan gördüyünü təkrarlayır və gündəlik həyatında müşahidə etdiyi davranış modelini tədricən özününküləşdirir. Əgər növbə mədəniyyəti müsbət və normal bir davranış kimi daim nümayiş etdirilərsə, bu, cəmiyyətin şüurunda təbii qəbul edilən dəyərə çevrilər",-sosioloq bildirib.

Mail Yaqubun sözlərinə görə, bu məqsədlə müəyyən maliyyə vəsaitinin ayrılması da vacibdir. Qısa müddətli deyil, mərhələli şəkildə – 3 ay, 5 ay, bir il və ya daha uzun dövrdə aparılan davamlı kampaniyalar daha effektiv nəticə verə bilər. Beləliklə, bu mədəniyyət birdən-birə yox, hissə-hissə, təbii şəkildə formalaşmağa başlayar.

"Unutmaq olmaz ki, insanlar ən çox təkrarlanan mesajları və davranışları mənimsəyir. Müəyyən müddət ərzində bu mövzuda maarifləndirici video-çarxlar, sosial reklamlar və vizual nümunələr ardıcıl şəkildə nümayiş etdirilsə, zamanla növbəyə riayət etmək sadəcə qayda deyil, cəmiyyətin adət-ənənəsinə çevrilər. Nəticədə isə növbə mədəniyyəti yüksək səviyyədə formalaşar və gündəlik həyatın ayrılmaz hissəsi olar",-sosioloq əlavə edib.

İlahə Qənbərli

Missiya.Az

Seçilən
102
missiya.az

1Mənbələr