Prezident İlham Əliyevin Milli Məclisə ünvanladığı amnistiya təşəbbüsü ictimaiyyətin diqqət mərkəzindədir. Qarşıdakı amnistiya aktının təxminən 20 min nəfəri əhatə edəcəyi gözlənilir. Bu çərçivədə Adnan Əhmədzadənin həbsdən azad olunub-olunmayacağı da müzakirə mövzusudur. Bəs, Adnan Əhmədzadə həbsdən azad oluna bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vəkil Mehman Muradlı bildirib ki, amnistiya aktı əsasən böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə məsuliyyətə cəlb olunan şəxslərə şamil ediləcək.
“Cinayət işləri davam edən və qeyd olunan kateqoriyalara aid əməllərdə təqsirləndirilən şəxslər amnistiyadan yararlana bilərlər. Lakin Adnan Əhmədzadə ilə bağlı bu imkan mövcud deyil”.
Mehman Muradlı vurğulayıb ki, Adnan Əhmədzadənin adı keçən cinayət işi xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir. Bu səbəbdən amnistiya aktının ona şamil olunması qanunvericiliyə uyğun deyil və mümkün hesab edilmir.
Aynurə İsmayıl
KONKRET.az
