Rusiyanın Qarabağı könüllü tərk etmiş ermənilərə humanitar yardımı davam etdirməsi sırf sosial məqsəd daşıyır, yoxsa bu addım regional siyasi təsirin saxlanmasına hesablanıb?

Mövzu ilə bağlı politoloq Oqtay Qasımov Olaylar.az-a açıqlama verib:
" Rusiyanın Qarabağdan könüllü şəkildə getmiş ermənilərə humanitar yardım etməsi ilə bağlı məsələni gündəmdə saxlaması və bunu son dövrlər daha intensiv şəkildə açıqlaması, əlbəttə ki, humanitar mahiyyət daşımır. Hesab edirəm ki, bu, Rusiyanın siyasətinin tərkib hissəsidir və məhz bu mövzu üzərindən Azərbaycana təzyiq göstərmək niyyəti güdülür. Bu məsələni gündəmdə saxlamaqla sanki Qarabağ məsələsinin bitmədiyi mesajı verilməyə çalışılır. Amma bu siyasətin effekt verəcəyi mümkün deyil.
Belə ki, artıq dünyanın bütün dövlətləri, böyük güclər bu məsələ ilə bağlı mövqelərini ortaya qoyublar və xüsusilə də 8 avqust Vaşinqton görüşündə bu məsələyə nöqtə qoyulub. Artıq məsələ bitib. Qarabağdan getmiş ermənilərin geri qayıtması ilə bağlı hansısa xəyallar əsassızdır. Çünki buradan gedən ermənilər özləri könüllü şəkildə gediblər və Azərbaycan onlara reinteqrasiya planı da təklif edib. Amma gediş məsələsi fərqli bir mövzudur və onlar bu barədə qərarı özləri qəbul ediblər.
Rusiyanın bu niyyəti xoş niyyətdən xəbər vermir. Bu, sadəcə olaraq bölgədə öz təsir imkanlarını saxlamaq üçün atılan addımdır və Azərbaycana dolayı yolla təzyiq göstərmək məqsədi daşıyır. Eyni zamanda nəzərə alsaq ki, Ermənistan daxilində seçki prosesinə start verilib və siyasi qüvvələr arasında ciddi mübarizə gedir, Rusiyanın dəstəklədiyi revanşist qüvvələr də məhz bu mövzu üzərindən Paşinyan hakimiyyətinə təzyiq göstərməyə çalışırlar. Ona görə də qarşıdakı altı ay ərzində bu mövzunun intensiv şəkildə manipulyasiya ediləcəyinin şahidi olacağıq".
Zeynəb Mustafazadə