AZ

İctimai Şura üzvü: Azərbaycanda fikizi məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası sahəsində çox müsbət işlər görülür

Bakı, 19 dekabr, Günel Türksoy, AZƏRTAC

Azərbaycanda fikizi məhdudiyyətli insanların cəmiyyətə inteqrasiyası sahəsində çox müsbət işlər görülür. Dünyanın heç bir yerində fiziki məhdudiyyətli şəxslərə ölkəmizdəki qədər geniş sosial dəstək proqramları göstərilmir. Biz bunu xarici dövlətlərdə səfərlərdə olan zaman dəfələrlə görmüşük. Hətta inkişaf etmiş ölkələrdə belə əlil arabaları pulsuz verilmir. Bir çox ölkədə fiziki məhdudiyyətli şəxslərlə bağlı müəyyən imtiyazlar, ümumiyyətlə, mövcud deyil. Azərbaycanda isə bu sahədə real və güclü mexanizmlər var. Bu baxımdan, reabilitasiya mərkəzləri çox ciddi və düşünülmüş proqramlardır.

Bunu AZƏRTAC-a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın üzvü, “Əlil Qadınlar Cəmiyyəti” İctimai Birliyinin sədri Məhluqə Rəhimova bildirib.

O deyib: “Bölgələrdə sosial xidmət agentliklərinin dəstəyi ilə yaradılan reabilitasiya mərkəzlərinə əvvəllər, məsələn, yüz uşaq qəbul olunurdusa və onların da hamısına real xidmət göstərmək mümkün olmurdusa, indi bu sistem daha səmərəli qurulub. Məsələn, reablitasiya mərkəzlərinin sayı artırılıb və hər biri 50 uşaqla işləyir. Bu, daha keyfiyyətli yanaşmadır. Bu mərkəzlərdə təkcə həkim və psixoloq deyil, eyni zamanda, sosial işçilər də fəaliyyət göstərməlidir. Fiziki məhdudiyyətli insanlar cəmiyyətə inteqrasiya edilirlər. Bu, həm onların özləri, həm də ailələri üçün böyük dəstəkdir”.

İctimai Birliyin sədri, həmçinin diqqətə çatdırıb ki, bəzi media qurumları fiziki məhdudiyyətli şəxsləri ehtiyacı olan insanlar kimi təqdim edirlər. Bu, səhv yanaşmadır. “Hamıya bərabər və düzgün yanaşmaq lazımdır. Əlbəttə, onlara dəstək olmalıyıq. Fiziki məhdudiyyətli şəxslər üçün müəyyən dəstəyin göstərilməsi vacibdir, amma bu, mediada qabarıq şəkildə göstərilməməlidir”, - deyə o əlavə edib.

Seçilən
97
azertag.az

1Mənbələr