Məlumata görə, maliyyələşdirmə paketinin yeni ilə qədər baxılmamasına səbəb demokrat senatorlar Maykl Bennet və Con Hikenluperin qanun layihəsini bloklaması olub. Buna Ağ Evin Büdcə İdarəsinin Milli Atmosfer Araşdırmaları Mərkəzinin ləğvi ilə bağlı qərarı etirazlara yol açıb.
Məsələnin təxirə salınması o deməkdir ki, qanunvericilərin dövlət qurumlarının maliyyələşdirilməsi ilə bağlı qərar qəbul etmək üçün cəmi bir neçə həftəsi qalacaq. Əks halda, 30 yanvar 2026-cı il tarixində federal hökumətin fəaliyyəti qismən dayandırıla bilər.
Politico yazır ki, senatorlar mümkün "şatdaun"dan əvvəl kompromisə gəlsələr belə, bu, maliyyələşdirmə böhranının tam qarşısını almaya bilər. Belə ki, paket razılaşdırıldıqdan sonra aparıcı respublikaçılar ABŞ nazirliklərinin maliyyə dəstəyinin yekun məbləği barədə ayrıca razılığa gəlməlidirlər.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp noyabrın 12-də federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinin 30 yanvar 2026-cı ilədək uzadılmasını nəzərdə tutan qanunu imzalayıb. Bununla da ABŞ tarixində ən uzun sürən "şatdaun" 43-cü gündə başa çatıb.
Xatırladaq ki, ABŞ federal hökumətinin qismən fəaliyyəti 1 oktyabr gecə yarısından etibarən maliyyələşmənin dayandırılması səbəbilə iflic olub. Buna səbəb Konqresdə Respublikaçı və Demokrat partiyaları arasında, o cümlədən səhiyyə xərcləri ilə bağlı maddələr üzrə razılığın əldə olunmaması idi. Tərəflər "şatdaun"un yaranması və uzadılmasında bir-birini siyasi məqsədlər güdməkdə ittiham edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31