AZ

Alimlər uzunömürlülüyün sirriniAÇIQLADILAR

100 il və daha çox yaşayan insanların uzunömürlülüyü təkcə həyat tərzi ilə deyil, həm də qədim əcdadlardan miras qalan genetik irslə bağlı ola bilər. Bu qənaətə İtaliyalı uzunömürlü insanların genomlarını araşdıran alimlər gəliblər.

Redaktor.az xəbər verir ki, tədqiqatın nəticələri "GeroScience" jurnalında dərc olunub.

Araşdırma çərçivəsində yaşı 100 və daha çox olan 333 italiyalının DNT-si təhlil edilib və bu göstəricilər orta yaşı təxminən 50 olan 690 sağlam insanın genetik məlumatları ilə müqayisə olunub. Daha sonra əldə edilən nəticələr müasir İtaliya genofondunun formalaşmasında rol oynamış dörd əsas qədim qrupu təmsil edən 103 qədim genomla tutuşdurulub. Bunlara Qərbi ovçu-toplayıcılar, Anadoludan olan neolit dövrü əkinçiləri, tunc dövrünün köçəriləri, eləcə də qədim İran və Qafqaz əhalisi daxil edilib.

Analiz nəticəsində məlum olub ki, uzunömürlü insanlarda Qərbi ovçu-toplayıcıların (Western Hunter-Gatherers – WHG) genetik irsinin payı əhəmiyyətli dərəcədə daha yüksəkdir. Bu qrup son buzlaşma dövründən sonra Avropada yaşamış ən qədim əhalilərdən biri hesab olunur. Digər qədim populyasiyaların genetik töhfəsi isə 100 və daha artıq yaşa çatma ehtimalı ilə əlaqələndirilməyib.

Alimlərin hesablamalarına görə, ovçu-toplayıcılara aid DNT payının hətta cüzi artımı belə 100 yaşa qədər yaşamaq ehtimalını təxminən 38 faiz artırır. Bu təsir xüsusilə qadınlarda daha qabarıq olub belə genetik komponentin yüksək olduğu hallarda uzunömürlü qadın olma ehtimalı iki dəfədən çox yüksəlib.

Tədqiqat müəllifləri vurğulayıblar ki, uzunömürlülük genetika, ətraf mühit və həyat tərzinin birgə təsiri nəticəsində formalaşır. Lakin əldə olunan nəticələr göstərir ki, qədim təkamül irsinin insan ömrünün uzunluğuna təsiri indiyədək düşünüldüyündən xeyli daha böyük ola bilər.

Nuriyyə NATİQQIZI

Seçilən
60
2
redaktor.az

4Mənbələr